Mətbuat mərkəzi

Azərbaycanda hemofiliya ilə necə mübarizə aparırlar

Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində "Azərbaycanda hemofiliya: problemlə necə mübarizə aparmalı" mövzusunda mətbuat konfransı keçiriləcək
Sputnik

Aprelin 17-i Ümumdünya Hemofiliya Günüdür. Qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliya X xromosomunda cəmi bir genin konfiqurasiyasının dəyişməsi nəticəsində yaranır. Xəstəliyin əlamətləri, demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt körpənin həyatının 4-5-ci gününə qədər özünü göstərir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara (hemartroz) və əzələlərə (hematoma) tez-tez qan axması nəticəsində əlil halına düşürlər. Hemofiliya hemostazın plazma həlqəsinin pozulmasından irəli gələn hemorraqik diatezlərə (koaqulopatiya) aid edilir.

Bəzi məlumatlara görə, indi dünyada hemofiliya xəstələrinin sayı 400 min nəfərə çatır. Hazırda respublikamızda 1 621 hemofiliyalı xəstə qeydiyyatdan keçib. Dövlət proqramı çərçivəsində hemofiliyalı xəstələrə göstərilən tibbi xidmət sayəsində onların həyat şəraiti yaxşılaşır, əlilliyin və ölümün sayı azalır.

Hemofiliyanın müalicəsi olmasa da, xəstənin orqanizmində çatışmayan qanın laxtalanması amilinin inyeksiya edilməsi yolu ilə xəstəliyin gedişinə, tamamilə və uğurlu şəkildə nəzarət edilir. Bu məqsədlə istifadə edilən laxtalanma amili əksər hallarda donor qanından götürülür. Kifayət qədər dərman vasitələri ilə təmin ediləndə hemofiliyalı xəstələri normal həyat yaşaya - oxuya, işləyə, ailə qura, yəni cəmiyyətin tamhüquqlu üzvü ola və öz ölkəsinə xeyir verə bilərlər. Lakin xəstəlik əleyhinə preparatların yetərli qədər olmaması ilk növbədə hemofiliyadan əzab çəkən uşaq və gənclərin erkən əlilliyinə səbəb olur.

Alim və həkimlərin, Dünya Səhiyyə Təşkilatı, Ümumdünya Hemofiliya Federasiyası, Hemofiliya Xəstələr Cəmiyyətlərinin birgə səyləri ilə indi hemofiliya diaqnozunun qoyulması ölüm hökmü kimi qəbul olunmur, lakin bu, arxayınlaşmaq üçün əsas vermir və xəstəlik üzərində qələbə çalmaq üçün uzun mübarizə aparmaq lazımdır.

Aprelin 11-də saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində "Azərbaycanda hemofiliya: problemlə necə mübarizə aparmalı" mövzusunda mətbuat konfransı keçiriləcək.

İştirak edəcəklər:

Elmira Qədimova - Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri, dosent;

Gülnarə Hüseynova - Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri;

Ayaz Hüseynov - Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası sədrinin müavini;

Təranə Cəlilova - Şirvan regional hemofiliya mərkəzinin rəhbəri

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi