BAKI, 4 aprel — Sputnik. Bakının Səbail rayonundakı Nemanzadə küçəsində yerləşən 162 nömrəli məktəbdə təhsil alan məktəbli 3-cü mərtəbədən özünü atıb.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 15 yaşlı məktəbli qız Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib: “Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi, ağ ciyərin zədələnməsi və yumşaq toxumaların əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazım olan tibbi yardımlar göstərilib. Hazırda məktəbli qızın durumu ağır və stabil olaraq qalır. O, hazırda reanimasiyadadır”.
Özünü atan yeniyetmənin 8-ci sinif şagirdi Yelena Hacıyeva olduğu bildirilir.
Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.
162 nömrəli tam orta məktəbdən bildirilib ki, 8-ci sinif şagirdi (etik qaydalara görə şagirdin adı qeyd olunmur) məktəbin 3-cü mərtəbəsindən yıxılıb: "İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır".