CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Son Zəng" təqdim olundu

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov mərhum jurnalistlə bağlı xatirələrdən danışıb.
Sputnik

 

BAKI, 4 iyul — Sputnik. Mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunan "Son Zəng" adlı kitabın təqdimat mərasimi keçirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, təqdimat mərasimində Azərbaycan Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu, Mətbuat Şurasının üzvləri və bir sıra tanınmış jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov mərhum jurnalistlə bağlı xatirələrdən danışıb. Televiziya eksperti, professor Qulu Məhərrəmli də Z.Müqabiloğlu ilə bağlı xatirələrini bölüşüb: "Zabil bizim aramızdan çox nakam ayrıldı. Ürək ritmi çəkdiyi ağrılara, acılara tab gətirə bilmədi. O, bizim qələm dostumuz, həm də tale dostumuz idi. Məncə, onun xatirəsinə həsr olunan bu kitab bizim onun ruhuna duamızdır".

"Son Zəng" təqdim olundu

Tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev də mərhum jurnalistlə bağlı təəssüratlarını bölüşüb: "İndi əlimdə olan "Son Zəng"i vərəqləyirəm. Bu kitabdakı əsas mövzular Qarabağ, cəbhəyanı bölgələrdə yaşayan sakinlərin yaşadıqları problemlər, BMT və AŞPA ilə bağlıdır. O, çox acı çəkirdi. Elə bu ağrı-acılar da onu bizdən alıb apardı".

Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə nəşr edilən kitabda Zabil Müqabiloğlunun şeirləri, hekayələri, həmkarlarının onun haqqında yazdıqları esselər toplanıb.

Kitabın hazırlanmasında isə professor Qulu Məhərrəmli, jurnalistlər Həbibə Abdulla, Famil Cəfərli, Yadigar Məmmədli, Xalid Kazımlı xüsusi köməklik göstəriblər.