“Ukraynanın yeni prezidenti seçkilərin ikinci turunda müəyyənləşəcək”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, kimin qalib gələcəyini əvvəlcədən demək çətindir: “Birinci turda məğlub olmuş namizədlərin auditoriyalarına müraciətləri ikinci turun nəticələrinə təsir edəcək. Onu da qeyd edim ki, hazırkı prezident Poroşenko bütün resurslardan istifadə edib qalib gəlməyə çalışacaq. Hər iki namizədin hələ istifadə etmədiyi siyasi gedişlər var. Düşünürəm ki, ikinci turda onlardan istifadə olunacaq”.
Qeyd edək ki, martın 31-də Ukraynada keçirilən prezident seçkilərindən sonra prezidentliyə namizəd Vladimir Zelenski qalibdir. O, seçicilərin 30,23 faizinin səslərini toplayıb. V.Zelenskinin əsas rəqibi Petr Poroşenko isə hazırkı nəticələrə görə seçkilərdə 16,65 səs toplayıb. Hər iki namizəd ikinci turda mübarizəni davam etdirəcəklər.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz