ABŞ Türkiyəni hədələdi: Ya NATO, ya Rusiya raketləri

ABŞ-ın bu qərarı onunla bağlıdır ki, Rusiya sistemləri vasitəsi ilə ABŞ-ın "F-35" bombardmançı təyyarələri barədə məlumat digər ölkələrə ötürülə bilər
Sputnik

BAKI, 3 aprel — Sputnik. Birləşmiş Ştatlar Türkiyəni yalnız Rusiyaya məxsus "S-400" zenit-raket komplekslərindən imtina etdiyi təqdirdə NATO-da görmək istəyir. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bəyan edib.

Onun sözlərinə görə, ABŞ administrasiyası Türkiyənin NATO-da qalmasını istəyir. Lakin bunun üçün rəsmi Ankara "S-400" zenit-raket komplekslərini öz ərazisində yerləşdirməməlidir.

Xatçisonun dediyinə görə, ABŞ-ın bu qərarı onunla bağlıdır ki, Rusiya sistemləri vasitəsi ilə ABŞ-ın "F-35" bombardmançı təyyarələri barədə məlumat üçüncü ölkələrə ötürülə bilər.

Qeyd edək ki, Birləşmiş Ştatların Müdafiə Nazirliyi noyabr ayında Türkiyəyə göndərilməsi planlaşdırılan "F-35" tipli qırıcılar üçün hazırlıq tədbirlərini, həmçinin təyyarələrlə bağlı materialların tədarükünün dayandırılması ilə bağlı qərar qəbul edib.

Yunanıstan sahillərində Türkiyə bayrağı: NATO daxilində rezonans yaşandı

Pentaqonun rəsmi sözçüsü Çarls E.Sammers (Charles E. Summers) məlumatı təsdiqləyərək, Türkiyənin də ortağı olduğu "F-35" proqramı ilə bağlı yeni bir addım atdıqlarını vurğulayıb: "Birləşmiş Ştatlar Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınmasının qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib. Buna görə də Müdafiə Nazirliyi proqramın planlanması ilə bağlı tədbir məqsədilə və "F-35"-lərin tədarükü ilə bağlı lazımı addımları atdı. Türkiyədə istehsal olan hissələrin ikinci bir mənbədən alınması istiqamətində iş aparılır".

Türkiyə ilə "F-35" proqramının bu vəziyyətə düşməsinin təəssüf doğurduğunu bildirən Sammers "kritik texnologiyamızın istehsalında həyata keçirilən ortaq investisiyaları qorumaq üçün bu addımı atırıq" deyib.

"Türkiyə ilə bununla bağlı dialoqumuz davam edir. Lakin Türkiyə "S-400" zenit raket komplekslərinin tədarükündən imtina edənə qədər Birləşmiş Ştatlar "F-35"-lərin əməliyyat qabiliyyətinə dair tədarük fəaliyyətlərini dayandırıb. Türkiyə "S-400"ləri alarsa, "F-35" proqramına daxil olması riskə girəcək" - deyə Sammers qeyd edib.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə "S-500" zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Türkiyə lideri vurğulayıb ki, "S-400" zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz.

"Hər şey razılaşdırılıb - kredit şərtlərindən, birgə istehsala qədər. İmzalar atılıb, geri addım atıla bilməz. Bu, əxlaqsızlıq olardı. Ümid edirəm ki, biz "S-400"-ün ilk partiyasını iyulda alacağıq. Ola bilsin ki, "S-400"-lərdən sonra biz "S-500"-lərlə bağlı variantları nəzərdən keçirdik" - Ərdoğan bildirib.

Xarici işlər nazirləri Türkiyənin S-400 almasını müzakirə edəcəklər

Xatırladaq ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə, amerikalı sözçü vurğulayıb.