BAKI, 3 aprel — Sputnik. Ukrayna hökuməti Rusiyaya şəxsi aviareyslərin həyata keçirilməsini qadağan edib. Sputnik Azərbaycan xəbər verir ki, istisna hal kimi BMT, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin missiyaları üçün ehtiyac olan reyslər nəzərdə tutulub.
Belə bir təşəbbüslə Ukraynanın daxili işlər naziri Arsen Avakov Nazirlər Kabinetinin iclasında çıxış edib. O, izah edib ki, daha əvvəl iki ölkə arasında aviareyslərə qoyulan qadağa Rusiyada qeydiyyatdan keçməyən qeyri-müntəzəm reyslərə şamil olunmayıb.
Avakovun fikrincə bu, "Ukraynanın milli təhlükəsizliyi, vətəndaşların təhlükəsizliyi üçün təhdid yaradırdı".
Qeyd edək ki, martın sonlarında Dövlət Aviasiya Xidməti, sərhədçilərə ukraynalı siyasətçi Viktor Medvedçukun və prezidentliyə namizəd Yuri Boykonun Moskvaya səfəri ilə bağlı yoxlamaların aparılmasını tapşırıb. Bundan əlavə, söhbət qanunsuz olaraq sərhədi keçməyə görə cinayət işinin qaldırılmasından da gedirdi. Avakov, həmçinin Ukrayna və Rusiya arasında aviasiya əlaqəsinin olmamasına görə siyasətçilərin Moskvaya getməsinə öz etirazını bildirib.