BAKI, 2 aprel — Sputnik. Baş Prokurorluq Masallı rayonunda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, respublikanın polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də itkin düşmüş Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Sahib Mahmudovun axtarılıb tapılması istiqamətində sonuncunun həmin tarixdə Masallı rayonu ərazisində qətlə yetirildiyi müəyyən edilib.
Belə ki, aparılmış tədbirlər nəticəsində Cəlilabad və Abşeron rayon Polis şöbələrinin istintaq bölmələrində Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə başlanmış cinayət işləri üzrə istintaq zamanı təqsirləndirilən şəxslər Əli Ələkbərli və Altay Ağamalızadə tərəfindən Sahib Mahmudovun şəxsi münasibətlər zəminində yanvarın 25-də Masallı rayonu ərazisində yerləşən “Adu Piramida” istirahət mərkəzində bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Hazırda Sahib Mahmudovun qətlə yetirilməsində təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.