Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 30 mart — Sputnik. Cəlilabadda narkotik maddə qəbul edən mikroavtobus sürücüsü saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad rayonu ərazisində 3 saylı marşrut xətti üzrə hərəkətdə olan 15-BP-496 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobusun sürücü yol hərəkəti qaydalarını pozub. Cəlilabad RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti əməkdaşları onu "saxla" işarəsi verərək dayandırıblar. Dayandırılan mikroavtobusun sürücüsü, Cəlilabad rayonu Soltankənd kənd sakini Oqtay Abbasovun ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı müəyyən edilib.
Sürücü O.Abbasovun hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı mikroavtobus sürücüsünün narkotik vasitə qəbul etdiyi aşkar olunub.
Saxlanılan Oqtay Abbasov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib.