HADİSƏ

Nazir: "Sahibkarlara dəymiş ziyan ödəniləcək"

Sahibkarlardan ilk 4-5 ay üçün kirayə pulu alınmayacaq
Sputnik

BAKI, 29 mart — Sputnik. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) inzibati binasında "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq yaradılmış işçi qrupla sözügedən ticarət mərkəzində fəaliyyət göstərən və yanğın nəticəsində zərər çəkmiş sahibkarlar arasında keçirilən görüşə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də qatılıb. Sputnik Azərbaycan xəbər verir ki, nazir sahibkarlara dəymiş zərərin ödəniləcəyini qeyd edib.

Ş. Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, bu dünən və bu gün şəhərdə olan müxtəlif ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib: "Ticarət mərkəzlərində boş olan yerlərin sahibkarala verilməsi ilə bağlı məsələlər müzakirə edilib. Sahibkarlardan ilk 4-5 ay üçün kirayə pulu alınmayacaq. Sonrakı aylarda isə 20 faiz güzəşt ediləcək. Biz istəyirik ki, sahibkarala ilkin ödənişləri gələn həftənin əvvəlindən verməyə başlayaq. "Kapital Bank" –ın nümayəndəsini də dəvət etmişik. 3 gün ərzində aparılacaq araşdırmadan sonra cənab prezidentin tapşırığı ilə zərərçəkmişlərə ilkin ödənişlər ediləcək. Bizim sahibkarlar arxayın ola bilərlər ki, onlara dəymiş zərər ödəniləcək".

Nazir qeyd etdi ki, 3 gün ərzində gömrük, vergi və digər mənbələrdən alacağımız məlumatlar əsasındə sahibkaralara dəymiş zərər müəyyən ediləcək.

Ş. Mustafayev əlavə etdi ki, "Diqlas" Ticarət Mərkəzində iki müəssisə "Diqlas 1" və "Diqlas 2" fəaliyyət göstərir: "Birinci müəssisədə 60, ikincidə isə 120-yə yaxın mağaza olduğu bildirilir. Amma məlumat tam dəqiq deyil. Biz hələ məlumatları araşdırırıq. Dəqiqləşdirmə aparıldıqdan sonra hökümət komitəsi tam lazım olan qərarı qəbul edəcək".

Xatırladaq ki, martın 26-da Nizami rayonu "Diqlas" Ticarət Mərkəzində yanğın baş verib. Yanğın zamanı 400-ə yaxın sahibkara zərər dəyib.