Diqqətli olun, cərimələnə bilərsiniz

Texniki baxışdan keçməyən nəqliyyat vasitəsini idarə edən sürücü üçün 50 manat cərimə nəzərdə tutulur
Sputnik

BAKI, 28 mart — Sputnik. "Avtmobillərin texniki baxış vaxtı ilə bağlı edilən dəyişikliklərə dair suallar tez-tez səslənir. Bir qədər geniş alınsa da, bunu bir daha sürücülərə xatırlatmaq istədim. Ötən ilin yayından qüvvəyə minən dəyişikliklərə əsasən, texniki baxış vaxtının avtomobilin istehsal ölkəsi və növü ilə bağlılığı ləğv edildi. Ona görə də ötən il sizə verilmiş texniki baxış talonunda göstərilən tarixə fikir verməyin (hətta həmin talonları artıq avtomobilinizin şüşəsindən qoparıb ata da bilərsiniz)".

Avtomobillərə vurulan texniki baxış talonu ilə bağlı yeni qayda müəyyənləşdirildi

Bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində qeyd edib. Onun sözlərinə görə, hazırda qüvvədə olan qanuna (YHQ-nin 30-cu maddəsi) əsasən, istənilən ölkədə istehsal olunmuş minik avtomobilinin, avtobusun, yük avtomobilinin, qoşqunun və motosikletin texniki baxış vaxtı bundan əvvəlki texniki baxış tarixi ilə bağlıdır. Nəqliyyat vasitəsi əvvəlki dəfə texniki baxışdan hansı tarixdə keçmişdirsə, həmin tarixin üzərinə 20 gün əlavə etməklə növbəti texniki baxışın son günü müəyyən olunur.

"Məsələn, ötən il 5 apreldə texniki baxışdan keçirilmiş avtomobil bu il 15 maydan gec olmayaraq texniki baxışdan keçirilməlidir. Amma istəsəniz, avtomobilinizi baxışdan daha tez, məsələn, martda, apreldə və s. keçirdə bilərsiniz. Ona görə də əsas məsələ əvvəlki texniki baxış tarixini yadda saxlamaqdır. Əgər unutmusunuzsa, onda əvvəlki texniki baxışın tarixini belə dəqiqləşdirə bilərsiniz:

- asanpay.az portalında özünüz üçün yaratdığınız elektron kabinetdə xüsusi "texniki baxış" pəncərəsinə baxmaqla (qanuna əsasən DYP hər bir sürücünün elektron kabinetinə onun nəqliyyat vasitəsinin texniki baxışdan keçməli olduğu son tarix barədə məlumat yerləşdirməlidir);

- bunu DYP orqanlarından (şöbələrdən, postlardan, texniki baxış məntəqələrindən), hətta yolda xidmət edən DYP əməkdaşlarından soruşa bilərsiniz və onlar Mərkəzi İnformasiya Sisteminə baxaraq texniki baxışdan keçmənin son tarixini sizə deyə bilərlər".

Hüquqşünasın sözlərinə görə, ilk dəfə texniki baxıışdan keçiriləcək avtomobillərin texniki baxışının son tarixi ilə bağlı məsələ isə qanunvericilikdə açıq qalıb. Belə ki, minik avtomobilləri, icazə verilən maksimal kütləsi 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər ilk dəfə texniki baxışdan istehsaldan sonrakı 5-ci il, avtobuslar, icazə verilən maksimal kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və onların qoşquları isə 2-ci il keçirilməlidir.  

FHN-dən xəbərdarlıq: Avtomobil şinlərini tonqala atmaq olmaz

"Belə hallarda əvvəlki texniki baxış olmadığına görə cari texniki baxışın son tarixini ümumi qaydada müəyyən etmək mümkün deyil. Ona görə də həmin nəqliyyat vasitələrini müvafiq (yəni 5-ci və 2-ci) ilin sonunadək (dekabrın 31-dək) texniki baxışdan keçirmək qanunauyğun sayılacaq. Lakin sürücülərə tövsiyə edirəm ki, ilin sonunu gözləməsinlər və yaxşı olar ki, daha əvvəlki aylarda öz nəqliyyat vasitələrini baxışa təqdim etsinlər. Bununla belə, qanunvericilikdə həmin məsələlərə də aydınlıq gətirilməlidir" - deyə o qeyd edib.

Onu da bildirib ki, texniki baxışın dövriliyi dəyişməyib və aşağıdakı kimidir:

"- minik avtomobilləri, icazə verilən maksimal kütləsi 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər - istehsal olunduğu ildən sonrakı 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir;

- avtobuslar, icazə verilən maksimal kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və onların qoşquları istehsal olunduğu ildən sonrakı 2-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir.

Texniki baxış sürücünün yaşayış yerindən asılı olmayaraq DYP-nin istənilən texniki baxış məntəqəsində keçirilə bilər.

Texniki baxışın dövlət rüsumu avtomobilin növündən və digər göstəricilərindən asılı olmayaraq eynidir – 20 manatr. Qoşqular üçün isə 10 manat". 

Ödənişli avtomobil yolları ilə bağlı qərar verilib

"Ötən il edilmiş başqa bir dəyişikliyə əsasən, avtomobilləri, icazə verilən maksimal kütləsi 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər texniki baxışa təqdim edilərkən onlarda hər hansı texniki nasazlıq aşkar olunsa da, texniki baxışdan keçirilməli və texniki baxış talonu verilməlidir (yəni bu halda nazaslığa görə talon verilməsindən imtina oluna bilməz). Nazaslıqlar barədə sürücüyə sadəcə bildiriş verilməli və onları aradan qaldırmaq tövsiyə edilməlidir. Lakin sürücü nəqliyyat vasitəsini eyni nasazlıqla növbəti il texniki baxışa təqdim etdikdə həmin nasazlıq aradan qaldırılmadan talon verilməyəcək" - hüquqşünas bildirib.

Əlavə edib ki, texniki baxış talonu kağızda deyil, elektron tərtib edilir (alın şüşəsinə yapışdırılan talon verilmir) və sürücünün elektron kabinetinə yerləşdirilir. Yalnız beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin xahişi ilə onlara kağızda talon verilir.

"Texniki baxışdan keçməyən nəqliyyat vasitəsini idarə edən sürücü üçün 50 manat cərimə nəzərdə tutulur. Cərimə elektron qərarla, baxışdan keçməmiş nəqliyyat vasitəsi kamera ilə aşkar edildikdə də tətbiq oluna bilər. Sürücü barəsində cərimə yazıldıqdan sonra 20 gün müddətində həmin nəqliyyat vasitəsi baxışdan keçirilmədən idarə edilərsə, yenə də cərimə yazıla bilər (yəni hər 20 gündən bir cərimə yazıla bilər). Ona görə də diqqətli olun, öz nəqliyyat vasitələrinizi baxışdan vaxtında keçirin" - deyə o əlavə edib.