CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yardımlıda yeni çəkilmiş yol çökdü - VİDEO

Torpaq sürüşməsi nəticəsində avtomobillərin hərəkəti çətinləşib
Sputnik

BAKI, 25 mart — Sputnik. Yardımlı rayonunda torpaq sürüşməsi qeydə alınıb.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla məlumatına görə, yeni çəkilmiş Cəlilabad-Yardımlı avtomobil yolunun Yardımlı rayonundan keçən bəzi hissələrində torpaq sürüşməsinin təsirindən ərazidə çökmələr olub.

Təpəlik ərazilərdə yol yatağının iri torpaq layları ilə birlikdə sürüşməsi nəticəsində avtomobil yolunda bəzi hissələr çöküb. Əvvəl kiçik çatlarla müşahidə olunan sürüşmə yağıntılardan sonra kəskin şəkildə artmağa başlayıb. Ən təhlükəli vəziyyət Yardımlının Çanaqbulaq, Ərsilə və Arus kəndlərində müşahidə olunur. Asfalt qatının çökməsi nəticəsində yolun hərəkət hissəsi 1 metr enində qısalıb. Bu isə avtomobillərin hər iki istiqamətdə hərkətini çətinləşdirir.

“Azəryolservis” ASC-dən bildirilib ki, yaxın günlərdə Cəlilabad-Yardımlı avtomobil yolunun qalan hissəsinin yenidən qurulmasına başlanılacaq. Bu zaman sürüşməyə məruz qalmış hissələrin də təmiri həyata keçiriləcək.