CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaçmazda it sığınacağı: İki bacı dünyamızı xoşbəxt etməyə çalışır

Xaçmaz rayon sakinləri Hava və Nailə Rüstəmli bacıları küçə itləri üçün sığınacaq qurublar. Bu ideyanın necə yarandığını və bacıların bu işin öhdəsindən necə gəldiklərini Sputnik Azərbaycan-ın videosunda izləyin.
Sputnik

Bölgə müxbirimiz bu sığınacağı öz gözüylə görmək qərarına gəlib. Müxbirimizlə söhbət edən Hava Rüstəmli hələ uşaq yaşlarından heyvanlara şiddətə qarşı olduğu və gördüyü bütün xəstə itlərə yardım etmək istədiyini deyib. Bəzilərinə evlərində qayğı göstərir, bəzilərini hətta Bakıya müalicə və əməliyyat üçün aparırdılar. Bütün heyvanları evdə saxlaya bilməyəcəyini görən bacılar daha sonra ferma kirayələmək fikrinə gəliblər.

Bir vaxtlar 5-6 itlə başlayan fermada hazırda 100-ə yaxın it saxlanılır. İtə sahib çıxmaq istəyənlər sığınacağa müraciət edirlər və istədikləri iti alırlar. Fermada bir işçi itlərə baxmağa yardım edir. Heyvanlara qayğı isə təşkilatçıların öz maliyyəsi hesabına başa gəlir.

Hava Rüstəmli düşünür ki, bu, cəmiyyət üçün olduqca faydalı işdir. Çünki sığınacaqda saxlanılan heyvanlar vaxtı-vaxtında peyvənd olunur və cəmiyyətdə xəstəlik daşıyıcıları olmur.

Bacılar əmindirlər ki, bütün insanlar heyvanlara qarşı şiddət göstərməsə, onlara qarşı daha mərhəmətli olsa, hamımız daha xoşbəxt bir dünyada yaşayarıq.