CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ev və iş üçün müraciət edən vətəndaşların problemləri həllini tapıb

Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib
Sputnik

BAKI, 22 mart - Sputnik. Martın 14-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qazaxda vətəndaşlarla görüş keçiriblər. Qazax Rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Orxan Mürsəlov, Vüqar Hüseynov, Murad Qasımov və Elşən Bayramov tərəfindən Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən həmin görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib.

Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Dünən vətəndaşlar tərəfindən qaldırılan həmin məsələlər öz həllini tapıb. Belə ki, şəhər sakini Şura Salmanova və Quşçu Ayrım kənd sakini Paşa Məmmədov evlərinin təmirinə köməklik olunması ilə bağlı müraciət etmişdilər. Onların istəyi nəzərə alınaraq elə görüş günü tikinti materialları ilə təmin olundu və ertəsi gün isə təmir işlərinə başlanılıb.

Ev və iş üçün müraciət edən vətəndaşların problemləri həllini tapıb

Daş Salahlı kənd sakini Lətif Yerevanlı kəndin içməli su probleminin həll olunmasına köməklik göstərilməsini bildirmişdi. Artıq 1,5 km uzunluğunda 110 mm-lik diametrində su xəttinin çəkilişi davam edir.

Digər Daş Salahlı kənd sakini Nazilə Əhmədovanın özünüməşğulluq layihəsində iştirak etməsi və aktivlərlə təmin edilməsi barədə müraciəti də öz müsbət həllini tapıb. Belə ki, o, istəyinə uyğun olaraq aktivlərlə təmin olunub. 2 baş iribuynuzlu və 1 baş buzov verilib.

Məlumat üçün bildirək ki, 15 nəfər işlə təmin olunma ilə bağlı müraciət edən rayon sakinindən 13 nəfəri işlə təmin edilib. Digər 2 nəfər isə müvafiq olaraq Məşğulluq Mərkəzində qeydiyyata alınaraq aidiyyəti üzrə göndəriş verilib.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirirlər. Görülən işləri yüksək qiymətləndirən sakinlər bildirirlər ki, ölkə başçısının da söylədiyi kimi dövlət hər bir vətəndaşının yanındadır. Bu gün müsbət həllini tapan məsələlər də bu dediklərimizin əyani sübutudur.