Azərbaycan Prezidentindən pakistanlı həmkarına məktub

"Pakistan İslam Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm"
Sputnik

BAKI, 22 mart - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə təbrik məktubu ünvanlayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Pakistan İslam Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Pakistanı möhkəm dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi qardaş xalqlarımızın iradəsini əks etdirir.

Əminəm ki, ikitərəfli münasibətlərimizin inkişafı, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh və firavanlıq arzulayıram".