CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizm cənnətinin sakinlərinə xoş xəbər

Qəbələdə 11 yaşayış məntəqəsinin yolu yenidən qurulur
Sputnik

 

İlham Əhmədov, Sputnik Azərbaycan.

BAKI, 21 mart — Sputnik. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, bu il həyata keçiriləcək avtomobil yolu layihələrindən biri də Böyük Əmili-Yenikənd-Bılıx və bundan başqa 8 yaşayış məntəqələrini əhatə edən, uzunluğu 19 km olan avtomobil yolunun yenidən qurulması layihəsidir.

Turizm cənnətinin sakinlərinə xoş xəbər

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, layihəyə əsasən, 19 km uzunluğa malik olan yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur, yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Bununla əlaqədar olaraq yolun yararsız qruntu qazılaraq çıxarılır, yola yararlı çınqıl materialı tökülərək genişləndirilir. Genişləndirilmiş və bitki qatından təmizlənmiş ərazilərdə yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.

Optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının alt və üst layının layihədə nəzərdə tutulmuş qalınlıqlarda inşasından sonra yola 2 qat olmaqla, yeni asfalt-beton örtük döşənəcək. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla, işlər 100 min kv.m-dən çox sahəni əhatə edəcək.

Turizm cənnətinin sakinlərinə xoş xəbər

Yenidənqurma işləri çərçivəsində hazırda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılır. Yol boyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir ediləcək, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunacaq və dəmir-beton suötürücü boruların, su keçidinin inşası işləri görüləcək. Ərazidə 100-dən artıq irili-xırdalı su ötürücüsü inşa ediləcək.

Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırıldıqdan, yol boyu zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhələr, yol cizgi və yol göstərici xətlər, həmçinin piyada zolaqları çəkildikdən sonra yol vətəndaşların istifadəsinə veriləcək.

Turizm cənnətinin sakinlərinə xoş xəbər

İşlər aparılan ərazidə hazırda 54 maşın, 9 ekskavator, 4 qreyder və başqa zəruri texnika cəlb edilib. İlin sonunda təhvil verilməsi nəzərdə tutulmuş layihədən 10 mindən artıq insan yararlanacaq.