Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 20 mart — Sputnik. Onu "Ağ div", "Fosfor adam", "Givi" ləqəbləri ilə tanıyırlar. Söhbət Azərbaycanda albinosların tanınmış nümayəndəsi, gürcü əsilli şair-tərcüməçi Giya Paçxataşvilidən gedir. O, 1961-ci il yanvarın 29-da Qax rayonunda anadan olub. İlk təhsilini Bakı şəhərindəki gözdən əlillər üçün təmayüllü məktəbdə alıb. 1981-ci ildə ali məktəbə qəbul olunub, Lomonosov adına Moskva Dövlət Universitetinə təyinat alaraq təhsilini orada başa çatdırıb. Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan qəhrəmanımızın evində qonaq olduq.
Bizi xoş, gülərüz ömür-gün yoldaşı Xatirə xanımla qarşıladı. Mənzillərinin ən gözəl guşəsində Azərbaycan və Gürcüstan bayrağı asılıb. Söhbətimizə onun uşaqlığından başlamaq istəsəm də, çox danışmadı. Zarafatyana, "nə danışım, məzardan və qulağımın dalından başqa hər şey görmüşəm" dedi.
Atası o doğulmamışdan iki həftə əvvəl dünyasını dəyişib. Anası isə "pişik balası" adlandıraraq ondan imtina edib. Hətta boğub, öldürmək istəyib. O, valideyn qayğısından məhrum böyüyüb. Əkiz bacısı Liya da qardaşı ilə eyni patologiyanı daşıyır: "Bacım da mənim kimi albinosdur. Amma mənim bəxtim ondan çox gətirib. Çünki anam məndən imtina edib. Bəlkə anam məni də yanında saxlasaydı bu uğurları əldə etməzdim. Liya da istedadlıydı, amma onun istedadı beşikdəcə boğuldu, öldü".
Mübaliğəsiz deyə bilərik ki, müsahibimiz Azərbaycan dilini azərbaycanlılardan daha yaxşı bilir. Azərbaycan ədəbiyyatına o qədər vurğundur ki, heç bir təmənna ummadan klassik və müasir şairlərimizin əsərlərini rus və gürcü dilinə tərcümə edib: "Nəsimini, Səməd Vurğunu, Nüsrət Kəsəmənlini, Əli Kərimi tərcümə eləmişəm. Azərbaycan şairlərinin əsərlərini rusdilli oxuculara olduğu kimi çatdırmışam. Nəsiminin "Məndə sığar iki cahan"ını 2006-cı ildə tərcümə eləmişəm. Onu tərcümə edəndə heç "Nəsimi ili" deyildi. İndi hər kəs olub Nəsimişünas. S.Vurğunu tərcümə edəndə heç onun yubileyi də deyildi. Bu insan mənim könlümə yatıb və onun əsərlərini tərcümə etmişəm".
Dediyinə görə, onuncun dil öyrənmək olduqca asandır. Azərbaycan dilini 15 günə öyrənən qeyri-adi istedad sahibi tərcümə etdiyi əsərlərə görə 2006-cı ildə Rusiya yazıçılar birliyinin və mədəniyyət nazirliyinin mükafatını alıb: "Məşhur Pasternakın, Luqavskoyun tərcümələrini kənara qoydular, mənim tərcüməmi qəbul elədilər ki, Givi Səməd Vurğunu olduğu kimi tanıtdı. Ancaq kitab çıxanda Vaqif Səmədoğlu ilə Aybəniz Vəkilova məndən küsdü. Dedilər ki, "Vurğunun 6 cildlik kitabı çıxıb, sən niyə onu cəmi 24 səhifəlik tərcümə eləmisən?" Onlara dedim ki, mən rus oxucusuna lazım olan Vuğunu vermişəm. Rus oxucusuna "Zəncinin arzuları", "Komsomol", "Muğan" poeması lazım deyil".
Əksər oxucular kimi həmsöhbətimizi də indiki tərcümələrin keyfiyyəti qane etmir: "Tərcümə planladırsa, orada mükəmməllikdən söhbət gedə bilməz. Məsələn, mənə heç kim deməmişdi ki, Nəsimini tərcümə edim. Bunu içimdən gəldiyi üçün etdim. Azərbaycanda Xocalı hadisələri ilə bağlı ilk həqiqətləri mən tərcümə etmişəm. Heç bir təbliğatda birincilik iddiasında olmamışam".
Şairin Heydər Əliyevin vəfatına həsr etdiyi poema 2 dilə tərcümə olunub: "2003-ci ildə Moskvadan gəlirdim, həmin vaxt Heydər Əliyevin cənazəsi endirilirdi. Təyyarə səmada bir neçə dəfə dövrə vurdu, enişə icazə verilmirdi. Həmin ərəfədə "Azərbaycan" nəşriyyatında da Heydər Əliyevin hüznü ilə bağlı xatirə dəftəri qoyulmuşdu. Həmin dəftərə "Oğul ata itirdi" adlı poema yazdım və poema qəzetlərə yol açdı. Çünki səmimiyyətlə, heç kimdən təmənna ummadan yazılmışdı. Əvvəl Azərbaycan və rus dilində idi. Sonra Heydər Əliyev Fondu tərəfindən ingilis dilində dərc edildi".
Paçxataşvili bir çox şairlərin tanınmasına da kömək edib. Onun təbirincə desək, bir çox "zirzəmidə qalan istedadlar"ı üzə çıxarıb: "Bir şairə xanım var, Lətifə Nuray. Dedilər ki, depressiyadadır. Onun şeirlərini tərcümə edib kitab halında çap etdirdim. Bununla da qadını ölümdən xilas etdim. Bu işlərdən həzz alıram. Hüseynbala Mirələmovun əsərlərini tərcümə edəndə o, heç deputat deyildi. Bakıya təzə gələn vaxtı yazdığı əsərlərini gürcü dilinə tərcümə etdim. Mənə dedi ki, "sonradan yazdığım əsərlər də var". Dedim ki, tərcümə elədiklərimdə siz özünüzsüz, o birilərini tərcümə etməyəcəm. Halbuki deputat idi, mənə 30 min təklif edirdi".
Onlarla şairin şeirlərini tərcümə edən şairinin özünün də şeirləri tərcümə olunub: "Özbəkistanda müasir "Azərbaycan Antologiyası" adlı kitab çıxdı. Xəbərim olmadan şeirlərimi özbək dilinə tərcümə ediblər. Bundan böyük xoşbəxtlik olar? Mənə dəmir-dümür, orden lazım deyil, xalqın sevgisi lazımdır".
Gürcü əsilli şair Gürcüstanla Azərbaycan arasında olan dostluqdan da danışdı. Şairi bizi bizdən uzaqlaşdıran şeylərə uymamağa çağırdı: "Bizi bizdən uzaqlaşdıran nəsnələrin reytinqinə görə millətləri qurban verməməliyik. Elə məsələlər var ki, onlardan yuxarıda dayanmalıyıq. İstər gürcü olsun, istər azərbaycanlı, öləndə özü ilə torpağı aparmayacaq. Bu torpaqda bu xalqlar yaşayacaqlar. Bu xalqların bir-birinə qonaq getməsi, təamlarına qonaq olması münasibətləri şəffaflaşdırır, millət təmizlənir, dostluğa inam artır. O vaxtı Georgi Lionidze Səməd Vurğunla, Dumbadze Anarla dostluq edib. Biz belə məqamları axtarmalıyıq. O vaxt Gürcüstanda çıxan "Çeşmə"də Azərbaycan şairlərinin şeirləri verilirdi. Bunun nəyi pis idi?"
Müsahibimizin otağının ən yuxarı hissəsində qoyulmuş, Qax rayonunda yerləşən I-III əsrlərə aid "Kürmük" məbədinin tablosu diqqətimizi çəkdi. Giyanın bu məbədə baxış bucağı tam fərqlidir: "Bu məbəd məni xarakterizə edir. "Kürmük oba" bayramı bizim birliyimizin simvoludur, tolerantlıq nümunəsidir. May və noyabr aylarında xristianlarla müsəlmanlar bir olub, o məbədi ziyarət edirlər. Orada qurban kəsib şam yandırırlar. Bunu çirkinləşdirmək, başqa siyasi don geyindirmək lazım deyil".
Gürcüstanın Axalkalaki şəhərində Qarabağdakı dinc azərbaycanlıların cəlladı olmuş Mixail Avaqyanın heykəlinin qoyulması Giyanı da narahat edib: "Bu hadisə millətindən, dinindən asılı olmayaraq, hər bir vicdanlı insanı narahat edir. Bir gürcü zıyalısı kimi, ağı qaradan seçməyi bacaran insan olaraq, Gürcüstanda Avaqyan kimi qatilə büst qoyulmasını birmənalı olaraq pisləyirəm. Cani Avaqyanın büstünün 20 Yanvar günündə qoyulması təkcə Azərbaycanın deyil, Gürcüstanın da kürəyinə saplanmış bıçaqdır. 20 Yanvardan əvvəl Gürcüstanda qanlı 9 Aprel hadisəsi baş verib. Biz bilirik ki, XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılar və gürcülərin başına açmadıqları oyun qalmayıb. O vaxt Çavçavadze, Ramişvili və başqa gürcü xadimləri dəfələrlə deyiblər ki, ermənilərlə qonşuluq nə gürcülərə, nə də azərbaycanlılara fayda verməyəcək".
Müsahibimin son sözləri isə belə oldu: "Vətənin dərdi, problemi ilə alver eləmək olmaz. Hansısa gəlişi gözəl sözlə, hansısa televiziyada pafoslu çıxışla Vətənə xidmət etmək olmaz. Vətənə sevgi səmimi olmalıdır. Mən öləcəyəm, kitablarım, tərcümələrim qalacaq".
Onu da qeyd edim ki, 2000-ci ildə Prezidentin fərmanı ilə AzTV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən "Ağ adam" ("Fosfor adam") sənədli filmi çəkilib. Bundan başqa o, 2009-cu ildə "Carçı film"in çəkdiyi "Fosfor adam" filmində rol alıb.