Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 20 mart – Sputnik. Yevlax rayon sakininə məxsus evdə oğurluq faktı qeydə alınıb. Faktla bağlı Yevlax rayon Polis Şöbəsində aparılan əməliyyat-axtarış tədbirləri sayəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, rayon sakini Rəşad Sadıxov saxlanılıb. Araşdırma nəticəsində onun 3300 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumatda belə deyilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun digər məlumatında isə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Xaldan qəsəbəsi ərazisində “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-nin balansında olan və hazırda istismar olunmayan hava xəttinin 7 dayağının metal künclüklərini, habelə 2 dayağı bütövlükdə sökərək oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Elman Yunusov saxlanılıb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.