Azərbaycan prezidenti Nazarbayevə və Tokayevə zəng edib

Prezident İlham Əliyev Qazaxıstan prezidenti vəzifəsində fəaliyyətə başlamış Kasım-Jomart Tokayevə zəng edib
Sputnik

BAKI, 20 mart - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan prezidenti vəzifəsində fəaliyyətə başlamış Kasım-Jomart Tokayevə telefonla zəng edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi prezident vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını bildirib, əlaqələrimizin gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də həmçinin Qazaxıstan xalqının lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Nursultan Nazarbayevin prezidentlik fəaliyyəti dövründə Qazaxıstanın inkişafı, firavanlığı və əmin-amanlığının təmin olunması istiqamətində yorulmaz səylər göstərdiyini vurğulayıb, onun xalqımızın ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsasını qoyduğunu qeyd edib. Prezident İlham Əliyev Nursultan Nazarbayevə gələcək fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Nursultan Nazarbayev göstərilən diqqətə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Nursultan Nazarbayev Azərbaycan ilə Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.