QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

“Oğlumu yenə orda qoyub gəldim” – Şəhid anaları cəbhədə əsgərlərlə görüşdü

“Tək təskinliyim o əsgərləri bağrıma basıb, onları öpüb qucaqlamağım oldu. Fizulinin iyini onlardan aldım”
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbayan

BAKI, 19 mart — Sputnik. Bu gün şəhid anaları əsgərlərlə görüş keçirib, onların bayramlarını təbrik ediblər. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə bir il öncə şəhid olmuş gizir Fizuli Salahovun anası Sevda Salahova məlumat verib.

“Oğlumu yenə orda qoyub gəldim” – Şəhid anaları cəbhədə əsgərlərlə görüşdü

S.Salahovanın sözlərinə görə, aprel döyüşlərində şəhid olan əsgərlərimizin valideynləri ilə birdə sərhəd bölgələrinə üz tutublar.

"Biz Cəlilabad, Tərtər, Füzuli və Ağcabədidə yerləşən sərhəd zastavalarında olduq. Ən sonda ermənilərlə 60 metr aralıda yerləşən səngərlərdə keşik çəkən əsgərlərlə görüşə yollandıq. Orada nə hisslər keçirdiyimizi dillə anlatmaq mümkün deyil. Biz özümüzə söz verdik ki, əsgərlərin qarşısında kövrəlməyəcəyik. İnanın özümüzü güclə saxlamışdıq. Amma bir neçə əsgər bizim şəhid anası olduğumuzu biləndə, göz yaşlarını saxlaya bilmədi və bizi qucaqlayıb ağladı", – deyə Sevda xanım bildirir.

“Oğlumu yenə orda qoyub gəldim” – Şəhid anaları cəbhədə əsgərlərlə görüşdü

"Mən Füzulinin aprel döyüşlərində vuruşduğu yerləri ziyarət edib için-için ağladım. Tək təskinliyim o əsgərləri bağrıma basıb, onları öpüb qucaqlamağım oldu. Fizulinin iyini onlardan aldım. Sonra əsgərlərlə yemək yedik, onlara apardığımız şirniyyatları bölüşdürdük. Onlar bizim sanki gözümüzün içinə baxırdılar. Mən Fizulinin və orada olan əsgərlərimizin nə qədər əziyyət çəkdiyini öz gözümlə gördüm. Bu gün sanki Füzulini yenə orada qoyub gəldim" – deyən ana hönkürüb ağladı.

Vətən uğrunda şəhid olan əsgərlərimizə rəhmət diləyirik, vətənimizin keşiyində duran əsgərlərimə isə Allahdan can sağlığı arzu edirik.

Bayramınız mübarək!