BAKI, 19 mart — Sputnik. Bir neçə gün əvvəl Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində naməlum şəxs 73 yaşlı paytaxt sakini Viktoriya Kazakovaya zor tətbiq edərək, içərisində 15 manat pul olan çantasını əlindən alıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, hadisə zamanı zərərçəkən qadın soyğunçuluq edən şəxsə müqavimət göstərmək istəyən zaman yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Daha bir oxşar hadisə martın 16 saat 18:00 radələrində rayonun Ağa Neymətulla küçəsi, ev 54 ünvanının qarşısında qeydə alınıb. Bu hadisə zamanı isə naməlum şəxs 80 yaşlı paytaxt sakin Maya Hüseynovaya zor tətbiq edərək, içərisində 30 manat və sənədləri olan çantasını zorla əlindən alıb.
Hər iki hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Şöbəsinə məlumat veriləndən sonra araşdırma aparılan zaman cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən Quba rayon sakini Sabir Orucov saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi 0,317 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Nərimanov RPİ müraciət edə bilərlər.