CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN-dən xəbərdarlıq: Avtomobil şinlərini tonqala atmaq olmaz

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev deyir ki, yanğın hadisələrinin qarşısını almaq üçün vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etməlidirlər
Sputnik

“Novruz bayramında tonqal yandıran zaman avtomobil şinlərindən istifadə etmək olmaz”. Bu, ətraf mühitə ciddi ziyan vurmaqla yanaşı, yanğın təhlükəsi də yaradır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev deyib.

“Novruz bayramı günlərində mümkün yanğın hadisələrinin qarşısını almaq üçün vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Tövsiyə olunur ki, vətəndaşlarımız tonqal yandıran zaman avtomobil şinlərindən yox, odun materiallardan istifadə etsinlər. Onun söndürülməsi də asandır. Tonqal qalanmazdan əvvəl vətəndaşlarımız tərəfindən qabaqlayıcı tədbirlər görülməlidir. Yaxşı olar ki, orada yanğınsöndürmə balonu saxlanılsın. Əgər balon yoxdursa ən azından bir vedrə suyu hazır vəziyyətdə saxlamaq lazımdır”, - deyə o bildirib.

Qeyd edək ki, martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.

Elnur Babayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz