MƏDƏNİYYƏT

On yaşlı azərbaycanlı Amerikada 100 min dollar qazana bilər

Ana tərəfdən azərbaycanlı olan Şennen ABŞ-da məşhur kulinariya şousuna qatılıb
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Azərbaycan əsilli gənc kulinar Şennen Xosman Amerikada "Master Chef Junior" ("Мастер Шеф Дети") teleşousunun iştirakçısı olub. "Master Chef Junior" telemüsabiqəsi dünyada tanınır və 45 ölkədə yayımlanır. 

Sputnik Azərbaycan-ın məlumatına görə, qızın sözügedən şouda iştirakı barədə məlumat layihənin "YouTube" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib. Şennen "YouTube"da yayılan videoçarxda özü haqqında danışıb. Burada onun ətli blinçik hazırladığı və evdə anası ilə birlikdə xəngəl kəsdiyi kadrlar da yer alıb.

Müsabiqənin qaliblərini dünya şöhrətli britaniyalı şef aşpaz Qordon Ramzi, şef aşpaz və teleaparıcı Kristina Tozi və restator, teleaparıcı, kulinariya ilə bağlı kitabların müəllifi Aaron Sançes seçir. Layihənin şərtlərinə görə, qalibə 100 min ABŞ dolları verilir. 

Bu müsabiqə Amerika və Kanadada yaşayan 8-13 yaşlı uşaqların arasında keçirilir. Təxminən 4 mərhələdən ibarət olan seçim turuna minlərlə uşaq qatılsa da cəmi 24 iştirakçı seçilib. Şennen də bu 24 uşağın arasındadır. O, bütün sınaqlardan uğurla keçdiyi üçün bu müsabiqədə iştirak etmək hüququ qazanıb. 

On yaşlı qız verilişdə nəinki təkcə əcnəbi, eləcə də Azərbaycan yeməklərini hazırlamağa çalışır.

Şennenin anası İlahə Süleymanova - Hosman əslən Tərtər rayonundandır. 14 ildir Banqladeş əsilli Ənvər Hüseyn Hosmanala ailə qurub. Hosman ailəsini 4 övladı var- 2 qız, 2 oğlan. İlahə xanım Bakı Asiya Universitetini bitirib. Bir müddət "Lukoil" neft şirkətində tərcüməçi işləyib. Ömür-gün yoldaşı maliyyə məsələləri üzrə məsləhətçi vəzifəsində çalışır. Onlar hazırda ABŞ-ın Nyu York ştatında yaşayırlar. Onların qızları Şevrinin 12, Şennenin 10 yaşı var. Şevrin 6-cı sinifdə oxuyur, dərs əlaçısıdır. Eyni zamanda rəqsə gedir. "Broadway Dance" məktəbinin rəqqasələrindən biridir və 6 fərqli rəqs üzrə məşqlər edir. Şevrin bir çox ölkələrdə yayımlanan, uşaqların çox sevdiyi “Super Why” cizgi filminin baş qəhrəmanlarını səsləndirib.

Şennen isə 5-ci sinifdə oxuyur. Musiqi alətlərinə çox böyük marağı var. Piano və skripkada sərbəst ifa edir. "Travel Channel"də yayımlanan "Mysteries at the Museum" filmlərində hər iki bacı birlikdə müxtəlif rollar alıblar. Bundan əlavə, bacılar taekvondo ilə də məşğul olurlar, "Swim Team" üzgüçülük məktəbinə gedirlər. Son 3 ildə bu iki bacı birlikdə və ayrılıqda filmlərdə, verilişlərdə, uşaq talk-şoularında, reklamlarda çəkiliblər və müxtəlif cizgi filmlərini səsləndiriblər.

Şennenin ilk rolu ona böyük şöhrət gətirib. O, Bollivud ulduzu Priyanka Çoprani haqqında çəkilən reklam çarxında sənətkarın uşaqlığını canlandırıb. Şennen telemüsabiqənin qalibi olsa, 100 min dollar pul mükafatına layiq görüləcək.