BAKI, 18 mart — Sputnik. Azərbaycanın ilk və tək inklüziv teatrı olan "ƏSA Teatrı" bu ilin sentyabrında 3 yaşını qeyd etməyə bilər. Bu barədə Sputnik Azərbaycan-a teatrın baş meneceri Nicat Qulam məlumat verib. Onun sözlərinə görə, teatr özünün ən çətin dövrünü yaşayır: "Fəaliyyətimizə kiçik səhnələrdə başlasaq da, qısa müddətdə ən böyük teatr səhnələrində tamaşalarımızı nümayiş etdirərək, böyük auditoriyalara təqdim etmişik. Lakin 2019-cu ildən tamaşaçıların haqlı iradları ilə üzləşirik. Onlar deyir ki, "ƏSA Teatrı" niyə tamaşa nümayiş etdirmir? Bildirmək istəyirəm ki, 2018-ci ilin 3 dekabr tarixində Dövlət Musiqili Teatrının səhnəsində təqdim etdiyimiz "Göy quş" tamaşasının nümayişindən ötən bu müddət ərzində dəfələrlə cəhd etsək də, tamaşalarımızı nümayiş etdirə bilməmişik."
Teatrın baş meneceri hazırda üzləşdikləri problemlərdən bəhs edərək, təəssüflə vurğulayıb ki, fəaliyyətlərini davam etdirmək üçün maliyyə qaynaqları tapmaqda çətinlik çəkirlər: "ƏSA Teatrı müxtəlif dövlət və özəl qurumların dəstəyi ilə layihələr icra edib – tamaşalar hazırlayıb. Bir neçə aylıq çəkən layihələrin icrası yekunlaşdıqdan sonra teatrda yenidən maliyyə problemləri özünü biruzə verdi. Teatrın saxlanılması üçün icarə məkanın, məşqlərin keçirilməsi üçün səhnənin olmaması problemə səbəb olur. Bundan başqa əlilliyi olan aktyorların məşqlərə gəlib, getmələri üçün nəqliyyat problemi və sair bu kimi ciddi həllini gözləyən vacib sosial problemlər fəaliyyətimizə mənfi təsirini göstərir. Bunun üçün müxtəlif dövlət və özəl qurumlara dəstək üçün müraciət etsək də, effektiv nəticəolmayıb. Buna görə də ƏSA Teatrı öz fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısındadır".
Qeyd edək ki, 11 aprel tarixində ƏSA Teatrı Con Steynbekin "Adamlar və siçanlar 3 – Fermadan qaçış" tamaşasını nümayişi planlaşdırılır. Lakin tamaşanın harada nümayiş ediləcəyi hələ də sual altındadır.
N.Qulami mövcud problemlərin həllini tapmayacağı halda məhz bu tamaşa ilə teatrın fəaliyyətini dayandıra biləcəyini vurğulayıb.