BAKI, 17 mart — Sputnik. ABŞ İŞİD bəhanəsilə PKK /PYD/YPG terror qruplaşmalarına yardımlarını davam etdirir.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2020-ci ilin büdcəsində PKK/YPG-nin dəstəkçisi Suriya Demokratik Qüvvələrinə (SDQ) 300 milyon dollar vəsait ayırıb. Beləliklə, 2018-2020-ci illərdə ABŞ-ın terror təşkilatına ayırdığı vəsaitin məbləği 1 milyard 600 milyon dollar olub. Bu rəqəmin 2023-cü ildə 2 milyard 200 milyon dollara çatacağı deyilir.
Bu yardımlarla güclənən PKK/PYD ABŞ-ın müttəfiq kimi qəbul etdiyi Türkiyəyə hücumlar edib. Bu hücumlar nəticəsində çoxlu sayda mülki vətəndaş həlak olub. Bu hücumların əksəriyyəti Suriyadan Türkiyəyə gələn terrorçular tərəfindən həyata keçirilib.
Terror təşkilatı ayrıca Suriyadan Türkiyəyə raketlər atıb. Türkiyə "Zeytun budağı" əməliyyatını başladıqdan sonra PKK/PYD Türkiyəyə 100 raket atıb. Atılan raketlər nəticəsində 113 nəfər yaralanıb, onlarca iş yeri və ev zərər görüb, 1 tarixi məscid də dağıdılıb. Bundan başqa, son 3 ildə baş verən hücumlarda 55 nəfər həyatını itirib, 356-dan çox insan yaralanıb.