BAKI, 16 mart — Sputnik. Şübhəli şəxs Moskvada "Qızıl meydan"ın qarşısına yağ töküb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə martın 14-ü axşam saatlarında baş verib. Özünü şübhəli aparan bir kişi əlində yağ paketi ilə meydana gəlib və Leninin mavzoleyinə girməyə cəhd göstərib. Lakin mavzoley aprelin 16-na kimi profilaktik tədbirlərlə əlaqədar olaraq bağlandığı üçün o, istədiyini həyata keçirə bilməyib.
Belə olan halda, kişi əlindəki yağı "Qızıl meydan"da səkiyə tökməyə başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, mavzoleyə heç bir zərər dəyməyib. Şübhəli şəxs polis tərəfindən saxlanılıb. Hazırda hadisənin motivləri araşdırılır.