CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanı gözəlləşdirmək üçün güllə bəzəyir, amma özü onları görə bilmir

Hələ ki, tibb onun xəstəliyinin əlacının tapılacağı səviyyədə inkişaf etməyib
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 16 mart — Sputnik. 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzində peşə təhsili alan gənclərimiz çoxdur. Sputnik Azərbaycan onlardan biri - görmə qabiliyyətindən tamamilə məhrum Müqəddəs Həmidovla müsahibəni təqdim edir:

Dünyanı gözəlləşdirmək üçün güllə bəzəyir, amma özü onları görə bilmir

- Müqəddəs, qısaca da olsa, özün haqda məlumat verərdin.

- 1992-ci ildə Zərdabda anadan olmuşam. 4 aya yaxındır ki, bu reabilitasiya mərkəzində peşə təhsili alıram. Daha çox toxuculuğa marağım olduğu üçün vaxtımın bir hissəsini elə toxumaqla keçirirəm. Bu iş mənə zövq verir. Ancaq təkcə toxuculuğa yox, incəsənətin digər sahələrinə də böyük marağım var. Mütaliəni də çox sevirəm. Amma bir problemim var ki, mən Brayl əlifbası (gözdən əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş əlifba – red.) ilə oxuya bilmirəm.

- Audio kitabları necə, dinləyirsən?

- Bu mərkəzdə müxtəlif audio kitablar var. Lakin mənim maraq dairəm məhduddur. Çünki daha çox ensiklopedik biliklərə yiyələnməyə meylliyəm. Buradakı audio kitabların əksəriyyəti isə yazıçıların əsərləridir.

- Anadangəlmə görməkdən məhrum olmusan, yoxsa sonradan qazanılıb?

- Beş yaşımadək gözümdə, cüzi də olsa, görmə qabiliyyəti olub. Ancaq indi görməm sıfırdır. Ailədə ilk uşaq mənəm, 3 qardaşımın heç birində belə problem yoxdur. Həkimlər mənə görmə sinirinin atrofiyası diaqnozunu qoyublar. Hələ ki, tibb bu xəstəliyin əlacının tapılacağı səviyyədə inkişaf etməyib.

Dünyanı gözəlləşdirmək üçün güllə bəzəyir, amma özü onları görə bilmir

- Həkimlər nə deyir, heç sağalma şansı yoxdur?

- Sırf bu problemlə əlaqədar olaraq 5 yaşımda ikən Rusiyaya getdik. O zaman deyirdilər ki, ən güclü həkimlər Rusiyadadır. Müəyyən qədər əməliyyata ümidimiz var idi. Lakin həkimlər əməliyyatla bağlı heç bir zəmanət vermədilər. Ona görə də 10 il orda qaldıqdan sonra 2007-ci ildə Azərbaycana qayıtdıq. Bura gələndə valideynlərim təhsilim üçün fərdi müəllim tutdular, evdə təhsil almağa başladım. Bu vaxtadək 15-ə yaxın müəllimim olub.

- Nə qədər pensiya alırsan?

- 2010-cu ildən 1-ci qrup əlilliyə görə əmək pensiyası alıram. Bundan sonra isə 250 manat əmək pensiyası alacağam.

- Nə qədər müddətdir ki, burdasan?

Özünüzü bu yolla qoruyun, kor ola bilərsiniz

- Artıq 4 aydır ki, burdayam. Buranın mənimçün xüsusi bir doğmalığı var. Bura gələnədək anam müəyyən qədər tərəddüd içində idi. Düşünürdü ki, burada mənə yaxşı baxmazlar. Amma bura gəldiyim gündən həmin fikirləri alt-üst oldu. Çünki burada şərait elə evdəki kimidir. Qardaşlarımla anam tez-tez bura gələrək mənə baş çəkmək istəyirlər. Ancaq qoymuram, deyirəm ki, uzaq yoldur. İsrarlarıma baxmayaraq, ayda bir dəfə mənə baş çəkirlər.

- Daha çox nə toxumağı sevirsən?

- Güllər, yarpaqlar daha çox marağımı çəkir. Amma mən toxuduqlarımı sərgiyə vermirəm, hamısını peşə təhsilimin sonunda verəcəyim imtahan üçün saxlayıram.

- Maraqlıdır, toxuduğun güllərin qiyməti nəyə görə dəyişir?

- Güllərin qiyməti yarpaqlarının sayından asılıdır. Çünki yarpaq toxumaq daha çətindir. 9 yarpaqlı qızılgülü 7 manata düzəldirəm. İşimizə dəyər verməsələr, 1 yarpaqlı qızılgül də toxuyuruq.

- Başqa nə toxuyursan?

- Jilet, şərf, şal da toxuyuram.

- Burdan çıxandan sonra nə etməyi düşünürsən?

- Hələ ki, konkret bir fikrə gəlməmişəm. Amma sifariş olarsa, buradan çıxdıqdan sonra da toxumaqla pul qazanaram.

Qeyd edək ki, Bu gün dünyada hər 200 adamdan biri, tamamilə görmədən məhrumdur. Bu isə o deməkdir ki, dünyada, orta hesabla, 39 milyon insan, tamamilə görmür. UNESCO-nun məlumatına görə, dünyada 246 milyon insanda isə görmə qabiliyyəti çox zəifdir.