Məsciddə müsəlmanları gülləbaran edən şəxs iki dəfə Türkiyədə olub

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə qətliam törədən terrorçu Brenton Tarrantın keçmişdə bir müddət Türkiyədə yaşadığı məlum olub.
Sputnik

BAKI, 16 mart - Sputnik. Martın 15-də səhər saatlarında Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə qətliam törədən terrorçu Brenton Tarrantın keçmişdə bir müddət Türkiyədə yaşadığı məlum olub. Sputnik Türkiyə-nin verdiyi xəbərə görə, hazırda terrorçunun Türkiyə ilə əlaqələri araşdırılır. Onun 2 ayrı müddətdə toplam 43 gün Türkiyədə olduğu məlumdur. 

Digər tərəfdən Bolqarıstanın Baş Prokurorluğu Brenton Tarrantın ötən ilin 9-15 noyabrında Bolqarıstana gedərək avtomobil kirayələdiyini və bəzi tarixi yerləri gəzdiyini açıqlayıb. 

Terrorçu ötən ilin oktyabr ayında da Pakistana səyahət edibmiş. Pakistanlı otel sahibinin dediyinə görə, Brenton Tarrant Pakistanın Kəşmir bölgəsindəki Gilgit-Baltistandakı otelde 2 gecə qalıb. 

Məscidlərə basqında ölənlərin sayı durmadan artır

Bu arada sözügedən terror aktının videogörüntüləri də "Facebook" sosial şəbəkəsindən pozulub. "Facebook"un Yeni Zelandiya üzrə nümayəndəsi Mia Harlik bildirib ki, video sosial şəbəkəsində yayılandan sonra ölkə polisi bu barədə onlara məlumat verib. "Facebook" nümayəndəliyi isə dərhal Brenton Tarrantın "Facebook" və Instagram hesablarını dondurub, dəhşət saçan həmin videoları isə pozub.

"Twitter" də Tarrantın hesabını bağlayıb və terror aktının videosunu pozmaq üçün müvafiq tədbirlər görməkdədir.

Google şirkətinin nümayəndəsi isə deyib ki, onlar videonu Youtube-dan tam silinməsinə çalışırlar.

Yeni Zelandiya polisi internet istifadəçilərinə Kraystçerç şəhərindəki məscidə hücum etməkdə günahlandırılan avstraliyalı Brenton Tarrant tərəfindən çəkilən videonu yaymamaq xahişi ilə müraciət edib.

Qeyd edək ki, bu gün cümə namazı vaxtı Yeni Zelandiyanın Kraystçerç şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum edilib. Son məlumata əsasən, terror aktı nəticəsində azı 49 nəfər həlak olub, 48 nəfər isə yaralanıb.