“Ölkənin valyuta ehtiyatı 3 milyard dollar artaraq 45 milyard dollar olub”

Hazırda Baş nazir Novruz Məmmədov illik hesabatı təqdim edir
Sputnik

BAKI, 15 mart - Sputnik. “Nüfuzlu reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib. Kredit reytinqinə görə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkənin valyuta ehtiyatı 3 milyard dollar artaraq ilin sonuna 45 milyard dollar olub. İqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin getdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin olunub”. 

Milli Məclis toplanıb

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının təqdimatına başlayarkən parlament sədri Oqtay Əsədov deyib.

O bildirib ki, ötən il Azərbaycanın sosial-iqtisadi həyatında əlamətdar il olub, dərin iqtisadi islahatlar həyata keçirilib.

“2019-cu ilin əvvəlində minimum əməkhaqqının, əmək pensiyasının, sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada olan kreditlərin artan hissəsi ilə bağlı qərarın qəbul edilməsi 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsidir” – deyə Oqtay Əsədov qeyd edib.

Hazırda Baş nazir Novruz Məmmədov illik hesabatı təqdim edir.