CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayon sakinləri ciddi təhlükə ilə üz-üzədirlər, hər an bədbəxt hadisə baş verə bilər

Rəsmi qurum da problemi etiraf edir: Vətəndaşlar şikayətlərində haqlıdırlar
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Bərdənin Mustafaağalı kəndinin sakinləri elektrik naqillərinin yaratdığı təhlükədən qorxuya düşüblər. Yaranmış vəziyyətin həm həyatları üçün təhlükəli olduğundan, həm də küləkli havalarda işıqlarının tez-tez sönməsindən narahatdırlar. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə kənd sakinləri məlumat veriblər.

Rayon sakinləri ciddi təhlükə ilə üz-üzədirlər, hər an bədbəxt hadisə baş verə bilər

Kənd sakini Faiq Məmmədov elektrik xətlərinin yaratdığı təhlükədən narahatçılıq keçirdiyini bildirib: "Biz qəzalı vəziyyətdə olan elektrik xətlərinin həyatımıza yaratdığı təhlükədən qorxuruq. Hər an bədbəxt hadisənin baş verməsi mümkündür. Xüsusilə uşaqlarımızdan nigaran oluruq. Birdən elə olur ki, naqil qırılıb yerə düşür. Həmin vaxt uşaqlar ağıllarına gəlmədən naqilə toxunsalar, böyük faciəyə düçar ola bilərdik".

"Naqilləri daşıyan elektrik dirəklərinin yerinə nazik, əyri ağaclar qoyulub. Bizə gələn naqil elektrik məftili yox, enerjini şəbəkələrə çatdıran adi kabeldən ibarətdir. Bu naqilillərin də enerjini ötürməyə müqaviməti çatmır. İşıqlar çox vaxt közərir, evi yaxşı işıqlandıra bilmir" – deyə o, qeyd edib.

Digər kənd sakini Mənsur Muradov da elektrik naqillərinin yaratdığı təhlükədən danışıb: "Bir dəfə naqil qırılıb aşağıdan keçən qaz xəttinin üzərinə düşmüşdü. Əlini dəmirə vuran olsaydı, bədbəxt hadisə qaçılmaz ola bilərdi. Əlimdəki quru ağacla naqili dəmir borudan araladım. Energetiklərə məlumat verəndən sonra gəlib yerinə bağladılar".

Sakinlərin iddia etdiklərinə görə, onlar bu barədə yerli elektrikşəbəkənin rəhbərliyini məlumatlandırsalar da, tədbir görən olmayıb.

Bir neçə başqa sakin də elektrik xətlərinin yarıtmaz, acınacaqlı vəziyyətdə olduğunu, insanlar üçün təhlükə yaratdığını bildiriblər. Onlar da Bərdə rayon Elektrik Şəbəkəsinin səlahiyyətli şəxslərini hansısa bədbəxt hadisə baş vermədən tədbirlər görməyə çağırıblar.

Rayon sakinləri ciddi təhlükə ilə üz-üzədirlər, hər an bədbəxt hadisə baş verə bilər

Bərdə Elektrik Şəbəkəsinin baş mühəndisi Sahib Məmmədov da Sputnik Azərbaycan-a bildirib ki, sakinlər şikayətlərinə görə haqlıdırlar: "Əsasən yeni salınan məhəllələrdə işığın çəkilişi zamanı tələb olunan qaydalar gözlənilməyib".

Baş mühəndis qeyd edib ki, hələ bütün dirəklərin yenilənməsi onların imkanları xaricindədir: "Yerli yarımstansiya ilə danışarıq, daha çox təhlükə yaradan 3-4 dirəyi dəyişərik. May ayında Bəcirəvan yarımstansiyasının açılışı gözlənilir. Çox güman ki, həmin istiqamətdə olan kəndlər, o cümlədən Mustafaağalı kəndində də kabelləşmə işləri başlayacaq. Belə olarsa, oradakı elektrik xətlərinin yenilənməsinə başlanılacaq".

Ümid edək ki, bədbəxt hadisələr baş vermədən şikayətçilərin qorxusuna son qoyulacaq.