İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 14 mart — Sputnik. Novruz bayramı ilə əlaqədar adət-ənənələrimizə uyğun olaraq tonqal qalanır. Çox zaman vətəndaşlar tonqal qalayarkən təhlükəsizlik qaydalarını nəzərə almırlar. Belə ki, ötən çərşənbə günü tonqal yandıran zaman 9 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tonqal qalanan zaman ölçüləri də nəzərə alınmalıdır: "Tonqal hava elektrik xətlərindən, qaz kəmərlərindən, ağaclardan, nəqliyyat vasitələrindən, binalardan və digər yanar materiallardan, qurğulardan kənar yandırılmalıdır".
O, qeyd edib ki, tonqalın ətrafına yığışan azyaşlı uşaqlar böyüklərin nəzarətindən kənarda qalmamalıdır: "Tonqalın ətrafında daha çox azyaşlı uşaqlar olur. Bu uşaqlar nəzarətsiz qaldıqları təqdirdə, istər-istəməz tonqalın üzərindən atlanırlar. Uşaqların xəsarət almaması üçün onlara nəzarət etmək mütləqdir".
Babayev bildirib ki, tonqalın üzərindən atlanarkən geyimlərin yanmaması, xəsarət almamaq üçün vətəndaşlar ehtiyatlı olmalıdırlar: "Havalar soyuq olduğu üçün vətəndaşlar uzun plaş, palto, şərf və sintetik geyimlərdən istifadə edirlər. Diqqət etmək lazımdır ki, tonqaldan atlanan zaman bu geyimlər alışmasın. Bəzən olur ki, vətəndaşlar tonqaldan atlanan zaman bir-birini gözləmirlər. Və bunun da nəticəsində tonqalın üzərində toqquşma da baş verə bilir".
FHN rəsmisi vurğulayıb ki, tonqalın, tamamilə sönməsi nəzarətdə saxlanılmalıdır: "Bayram günlərində xonça bəzədilən zaman diqqət yetirilməli olan məqamlardan biri də şamların şamdanlara kip yerləşdirilməsidir. Şamlar yandırılan zaman isə nəzarətdə saxlanılmalıdır. Şamlar nəzarətsiz qaldığı təqdirdə yanğın baş verə bilər".
"Vətəndaşlara tonqal qaladıqları zaman müəyyən qablarda su saxlamaları tövsiyə edilir. Hər hansı bir fəsad baş verən zaman bu söndürücü vasitələrdən istifadə etmək lazımdır" – deyə o bildirib.
Elnur Babayevin sözlərinə görə, yanğın hadisələri baş verdiyi təqdirdə onların qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin bütün vasitələri yetərli qədərdir: "Çalışırıq ki, yanğın hadisələrinin sayını sıfıra endirək. Bir yanğın belə, bizim üçün çoxdur. Çərşənbə axşamlarında yandırılan tonqalların yanğınla nəticələnməsi hallarına gəldikdə isə, bu barədə hələ konkret statistika vermək düzgün deyil".