CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda maraqlı səhnə ortaya çıxıb: Tazılar və çaqqallar qarşı-qarşıya - VİDEO

Oyunun eramızdan əvvəl III minillikdə Misirdə yarandığı güman olunur
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Bir neçə ay öncə Qobustan qoruğundakı Tunc dövrünə aid "Çapmalı" yaşayış yerinin yaxınlığındakı qayaların birində qədim Misirdəki "Tazılar və çaqqallar 58 xana" masaüstü oyunu ilə oxşarlıq təşkil edən rəsm aşkar olunub.

Azərbaycanda maraqlı səhnə ortaya çıxıb: Tazılar və çaqqallar qarşı-qarşıya - VİDEO

Sputnik Azərbaycan-ın əməkdaşı aşkar edilmiş oyun haqqında ətraflı məlumat almaq məqsədilə Qobustan Milli Tarix-Bədii Qoruğunda olub. Qoruğun direktorundan aşkar edilmiş masaüstü oyun haqqında ətraflı məlumat əldə edib.

Azərbaycanda maraqlı səhnə ortaya çıxıb: Tazılar və çaqqallar qarşı-qarşıya - VİDEO

Qoruğun direktoru Vüqar İsayevin sözlərinə görə, 2016-cı ildən icrasına başlanılmış "Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması" layihəsi çərçivəsində 500-dən artıq yeni təsvir aşkar edilib. Aşkar olunmuş təsvirlər arasında Qobustan üçün xarakterik olan təsvirlərlə yanaşı, yeni istiqamətli təsvirlər də var.

"Eramızdan əvvəl II minilliyin əvvəllərindən başlayaraq ticarət və miqrasiya vasitəsilə bu oyunlar Mesopatoamiyaya, Anadoluya, Kiprə və Azərbaycan ərazisinə yayılıb. Bu oyunun qaydaları tam bəlli olmasa da, bəzi tədqiqatçılar onun nərd oyununun qədim variantı olduğunu hesab edirlər. Bu oyun növündən Misirdə də aşkar edilib" - deyə direktor bildirib.

V.İsayev deyib ki, Tunc dövründə bu cür masaüstü oyunların müxtəlif versiyaları olub. Qobustanda aşkar olunmuş oyunun "Tazılar və çaqqallar 58 xana" oyunu adlandığı və eramızdan əvvəl III minillikdə Misirdə yarandığı güman olunur.

O, qeyd edib ki, qədim Misir fironunun məzarında arxeoloji araşdırmalar aparılan zaman bu oyunun taxtadan hazırlanmış forması tapılıb. Oyunda istifadə edilən daşlardan birinin başı çaqqal, digərinin başı isə tazı (it) olub. Oyunda 58 xana olduğu üçün oyun "58 xanalı Tazı və Çaqqal" oyunu adlanır.

Azərbaycanda maraqlı səhnə ortaya çıxıb: Tazılar və çaqqallar qarşı-qarşıya - VİDEO

Müsahibimiz onu da vurğulayıb ki, dövrü masaüstü oyunlarının tədqiqatçısı, amerikalı arxeoloq, ABŞ-ın Arizona Dövlət Universitetinin Antropologiya bölməsinin əməkdaşı Valter Krist 2018-ci ilin yazında Azərbaycanda səfərdə olarkən sözügedən təsvirlə tanış olub: "O, ABŞ-ın Yaxın Şərq və Aralıq dənizi hövzəsinin qədim tarixini tədqiq edən "Amerika Şərq Tədqiqatları Məktəbləri" qeyri-hökumət təşkilatının Denver şəhərində keçirilən konfransında təsvir barədə məlumat verib. Bu məlumat böyük marağa səbəb olub".

Həmsöhbətimiz onu da vurğulayıb ki, bu oyun təsvirinin yerləşdiyi "Çapmalı" düşərgəsi 1970-1971-ci illərdə arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova tərəfindən arexeoloji qazıntılar vasitəsilə öyrənilib: "Tədqiqatlar nəticəsində məlum olub ki, bu düşərgə eradan əvvəl II minilliyin əvvəlindən orta əsrlərədək fəaliyyət göstərib. Düşərgədən aşkar olunmuş maddi mədəniyyət nümunələri və yaxınlıqdakı qayaüstü təsvirlərə əsasən demək olar ki, bu düşərgə dini ibadət yeri rolunu oynayıb".

İsayevin dediyinə görə, Qobustanın Böyükdaş və Cingirdağ adlanan ərazisində də Tunc dövründən başlayaraq, orta əsrlərə qədər olan dövrü əhatə edən müxtəlif quruluşlu oyun izləri aşkar edilib. Oyunlardan bəziləri müxtəlif formalarda bu günə qədər gəlib çıxıb. Məsələn, bizə məlum olan "Aşıq-aşıq", "Mərə-mərə", "Beş daş" oyunları bu tip oyunlardır.

Direktorla söhbətimizi bitirdikdən sonra "Çapmalı" yaşayış ərazisində üz tutduq. Qoruğun əməkdaşı Rəhman Abdullayev bizi oyunla tanış etdi.