Nigar Məhərrəm, Sputnik Azərbaycan.
BAKI, 13 mart — Sputnik. Hazırda paytaxtın bəzi küçələrində, demək olar ki, hər gün sıxlıq və tıxac müşahidə edilir. Buna səbəb isə illərdir həllini gözləyən problemlərdir. Problemləri yerindəcə araşdırmaq və sürücülərin narazılıqlarını öyrənmək məqsədilə Sputnik Azərbaycan-ın əməkdaşı kiçik sorğu keçirib.
Sorğu zamanı öyrəndik ki, sürücüləri ən çox narahat edən problemlərdən biri də "Papanin" yolunun bağlı olmasıdır.
""Papanin" əsas aparıcı yollardan biridir. Bu yolun 10 ildir bağlı olması bizim üçün böyük problem yaradır. Çünki bir yolun bağlı olması istər-istəməz paytaxtın digər istiqamətlərində də problemlərə, tıxaclara səbəb olur. Niyə bu yolu açmırlar, bilmirəm. Bir yolda təmir işləri nə qədər gedə bilər axı?! Bu yol açılmalıdır ki, digər yolların da yükü, az da olsa, azalsın" – deyə sürücü Vaqif Qasımov bildirib.
Onun sözlərinə görə, bu yol bağlı olduğu üçün Tbilisi prospektində hər zaman tıxac olur.
Başqa bir sürücü Elmidar Qurbanov isə, Beynəlxalq Avtovağzal istiqamətindən şəhərə girişdə sıxlığın olmasından gileylənib: "Avtovağzaldan şəhərə doğru olan yolda sıxlıq var. Bu sıxlıqlara səbəb olan amillərdən biri də yük maşınlarının şəhərə vaxtsız girməsidir. Bir də baxırsan ki, sənlə yanaşı benzin daşıyan maşın da paralel hərəkət edir. Axı bu, düzgün deyil. Elə bil ki, barıt çəlləyi ilə birgə hərəkət edirsən".
"Yol nişanları ilə bağlı o qədər də ciddi problemlərlə rastlaşmıram. Lakin bəzi yerlər var ki, orada yol nişanlarının olması vacibdir. Məsələn, Milli Onkologiya Mərkəzinin qarşısında "parkovka"ya aid işarə qoyulsa da, piyada keçidini göstərən işarə yoxdur. Ona görə də o yoldan piyada keçəndə bir çox sürücülər ona yol vermirlər. Bəziləri bilərəkdən, bəziləri isə bilməyərəkdən belə edir" – deyə o, əlavə edib.
Dərnəgül yolu, Ziya Bünyadov prospektində sıxlıqdan şikayətlənən sürücülərin əsas problemlərindən biri də Sumqayıta sərnişin daşıyan taksi sürücüləri ilə bağlıdır. Həmsöhbət olduğumuz başqa bir sürücü də bu problemi qabardıb: ""20 Yanvar" metrostansiyasının Milli Onkologiya Mərkəzinə tərəf olan çıxışında böyük kamera quraşdırılıb. Lakin Sumqayıt yoluna gedən istiqamətdə bir kamera da yoxdur. Bu yol tıxacdan "partlayır". Burada sıxlıq və tıxacın yaranmasına səbəb Sumqayıt taksiləridir. Onlara da polis nəzarəti olmalıdır. Çünki bu sürücülər dayanma qaydalarını pozurlar".
Sumqayıta istiqamətlənən taksilərin metronun "20 Yanvar" stansiyasının qarşısında, yaxınlığında yerləşməsi Bakı şəhəri daxilində hərəkət edən taksi sürücülərini də narahat edir. "Bilirsiniz necədir? Hamı çörək pulu qazanmaq üçün çıxıb. Lakin mənim başqasına ziyan vuraraq çörək pulu qazanmağım düzgün deyil" – deyə həmin ərazidə söhbətləşdiyimiz sürücü narazılığını bildirib.
Ərazidəki sürücülər giley-güzarlarını da dilə gətiriblər: "Başqa iş olsa, bura gəlib heç "taksavatlıq" etmərik. Səhər tezdən gəlmişəm, elə qazandığım cəmisi 3 manat olub. İnanın, yorğunluq və taqətsizlikdən ayaqlarım qırılır. Başqa iş yoxdur ki, məşğul olum".
Əksər sürücülərin sözlərinə görə, bu gün ucuz taksi şirkətlərinin fəaliyyət göstərməsi onların işinə əngəl olur: "İndi əksər sərnişinlər taksi şirkətlərinə müraciət edirlər. Çünki onlar lap su qiymətinə gediş təklif edirlər. Etsinlər, bir söz demirik. Amma bu pullar şirkətin cibinə gedir. Belə şirkətlər bu yolla gündəlik 15-20 min manat pul yığır. Qarşılığında da yetim sürücülərin avtomobilləri dağılır" – deyə həmsöhbətimiz əlavə edib.
Paytaxt sürücüləri Bakı Nəqliyyat Agentliyinin (BNA) yeniliklərindən isə razılıq ediblər. Onlardan biri razılığını belə ifadə edib: "Bakı Nəqliyyat Agentliyinin yeniliklərini müsbət qiymətləndirirəm. Lakin əsas problem "parkovka" üçün yerlərin olmamasıdır. Hər yer işarələnib, sarı xətlə boyanıb. Bir yerdə 5 dəqiqədən artıq dayananda başının üstünü kəsdirirlər. Məcburiyyət qarşısında qalıb 5 dəqiqədən artıq dayanmaq üçün pul ödəməli oluruq".
"Hara gedirsən, görürsən ki, hərə əlində bir çubuqla dayanıb. Bu pulu yığanlar kimdir, heç bilmirik. Bir onu bilirəm ki, "parkovka" üçün pul yığanların əksəriyyəti bu işə yararsızdır. Elə yer var ki, orada dayanan şəxs az qalır, adamı öldürsün. Belə insanları bura qoymaq düzgün deyil. Sözü deməyin qaydası var. Yaxınlaşıb sözü elə tərzdə deyə bilərlər ki, adam da öz səhvini anlayar, elədiyinə görə də pis olar. Amma təəssüf ki, reallıq belə deyil" – deyə sürücü təəssüflənib.
Taksi sürücülərindən onu da öyrəndik ki, qazanclarının bu qədər az olmasının bir səbəbi də yanacaqdoldurma məntəqələrində başlarına gətirilən kələkdir. "Ai-92" markalı benzin vurdururam. 11 litr benzinlə Bakı şəhərində 80 kilometrdən artıq yol gedə bilmirəm. Çünki hər yerdə benzinə su və hava vururlar" - deyə sürücülər vurğulayıblar...