"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş rejimə keçir

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib
Sputnik

BAKI, 13 mart — Sputnik. Novruz bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Sərnişin Daşımaları Departamentinin kollektivi Novruz bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

"Sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir" - deyə QSC-dən bildirilib.

Bir daha sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.