MƏDƏNİYYƏT

"Böyük dayaq"ın maraqlı sirləri: Filmdə baş verənlər real həyatda da təkrarlanıb

"Kabab bir dəfə bişib 2 gün stollara gedib gəldi, çəkiliş dayananda soyuducuya qoyurdular ki, iyləməsin. Plov isə, bircə qab idi, digər qabların hamısının altına taxta yonqarı töküb üzünü plovla bəzəmişdilər"
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Azərbaycan kinematoqrafiyasında xalqımızın mədəniyyətini, ailə-məişət münasibətlərini özündə qabarıq şəkildə göstərən ekran əsərlərindən biri də 1962-ci ildə Həbib İsmayılovun rejissorluğu ilə ərsəyə gələn "Böyük dayaq" filmidir. Xalq yazıçısı Mirzə İbrahimovun ssenarisi əsasında çəkilən ekran əsərində dövrün siyasi və əxlaqi xüsusiyyətləri müqayisəli şəkildə göstərilərək tərbiyəvi formada işlənib.

"Böyük dayaq"ın maraqlı sirləri: Filmdə baş verənlər real həyatda da təkrarlanıb

Lakin çox az adama məlumdur ki, bu ekran incisinin əsas hissələri, baş verən hadisələr Tovuz rayonunda lentə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri filmin çəkildiyi evi ziyarət edərək çəkilişin canlı şahidləri ilə tanış olub.

Film, hazırda rayonun Əhməd Cavad küçəsi 122 ünvanında yerləşən, bir vaxtlar Bəhram Məmmədovun sahib olduğu evdə çəkilib. Rejissorun 60-cı illər kolxoz sədrlərinin evlərində görmək istədiyi detalları axtarması onu paytaxtdan 400 km uzağa, Tovuz rayonuna gətirib. Və o, xırda dəyişikliklər apararaq filmin burada çəkilməsinə qərar verib.

"Böyük dayaq"ın maraqlı sirləri: Filmdə baş verənlər real həyatda da təkrarlanıb

Çəkilişlərin canlı şahidi, 68 yaşlı rayon sakini Elbrus Aslanov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bütün ev səhnələrinin, əsas personajlar olan Qaraş və Tamillanın toyunun da bu həyətdə lentə alındığını bildirib.

Həmin vaxtlar 16 yaşlı yeniyetmə olan E.Aslanov yadında qalanları belə nəql edib: "Biz kiçik olduğumuzdan çəkilişlərdə iştirak etmirdik. Toy məclisində 7-8 aktyor və aktrisadan başqa, hamısı qonşular idi. İyul ayı çox isti olduğundan çəkilişlər gecə aparılırdı. Güclü işıqlarla bütün həyət işıqlandırılmışdı. Çox adam nabələd olduğundan artıq hərəkət olan kimi rejissor yuxarıdan qışqırırdı, əsəbləşirdi. Dubl dublun arxasınca çəkilirdi. Elə olurdu, 1 səhnə 9-10 dubla başa gəlirdi".

"Böyük dayaq"ın maraqlı sirləri: Filmdə baş verənlər real həyatda da təkrarlanıb

Bu səbəbdən çəkilişlərin 2 gecəyədək uzandığını deyən həmsöhbətimiz məclisdə verilən yeməklərlə bağlı bir sirrin də üstünü açıb: "Toyda plov və kabab verilirdi. Kabab bir dəfə bişib 2 gün stollara gedib gəldi. Çəkiliş dayananda soyuducuya qoyurdular ki, iyləməsin. Plov isə, demək olar, bircə qab idi. Digər qabların hamısının altına taxta yonqarı töküb üzünü plovla bəzəmişdilər".

E.Aslanov əsərin müəllifi Mirzə İbrahimovun, sanki çəkilişlərin aparıldığı "Nizami" kolxozunun gələcək tarixini qələmə aldığını deyir: "Çəkilişlər rayonun ən inkişaf etmiş "Nizami" kolxozunda aparılırdı. Həmin vaxt oranın real sədri Məmmədəli Əliyev idi. Filmdə baş verən hadisələr sonradan kolxozda eynilə təkrarlanmağa başladı. Nəticədə filmdə Ələsgər Ələkbərovun ustalıqla canlandırdığı Rüstəm kişi obrazının başına gələnlər olduğu kimi Məmmədəli Əliyevin də başına gəldi. Qoyun fermasında olan çatışmazlıqlar səbəbindən sədr həbs edildi".

R.Qasımov bu gün də filmə nəvələri ilə birgə baxdığını, səhnələrin harada çəkildiyini onlara da göstərdiyini söyləyib.Maraqlı hadisələrə şahid olmuş evin hazırkı sahibi Rafiq Qasımovun ailəsi filmin ərsəyə gəlməsindən bir il sonra buraya köçüblər. Ev sahibi, çəkilişlərdən 50 ildən çox vaxt keçməsinə baxmayaraq, binada kosmetik işlərdən başqa əsaslı dəyişikliklər aparmamağa çalışdığını deyib.