ATƏT sədrindən Paşinyanın təklifi qarşısında "qırmızı xətt"

Layçak qeyd edib ki, münaqişənin həllinin tapılmasında faydalı olmaq üçün hər şeyi etməyi hazırdır
Sputnik

BAKI, 13 mart — Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların formatında hər hansı bir dəyişiklik bütün tərəflər üçün məqbul olmalıdır". Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Yerevanda erməni həmkarı ilə keçirilən görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib. 

Ermənistan hakimiyyətində qarşıdurma: Prezident niyə Qarabağdakı iclasa gəlməyib?

"Ənənələrə uyğun olaraq həyata keçirilən proses var və bu proses konkret nəticələrin əldə olunmasına töhfə verilib. Münaqişəsinin nizamlanması üzrə danışıqların formatında hər hansı bir dəyişiklik bütün tərəflər üçün məqbul olmalıdır" - deyə Layçak qeyd edib.

ATƏT sədri vurğulayıb ki, onlar bu məsələlərin müzakirəsinə kifayət qədər vaxt ayırıblar: "Əminəm ki, Ermənistan hökumətinin müvafiq formatda və ya mövcud formatda danışıqları davam etdirmək üçün düzgün formulu var".

Layçak qeyd edib ki, münaqişənin həllinin tapılmasında faydalı olmaq üçün hər şeyi etməyə hazırdır: "Mən, tamamilə ATƏT-in Minsk qrupunun həmsədrlərinə və səfir Kasprşikə güvənirəm. Hər şeyi onlarla sıx koordinasiya şəklində edirəm".