BAKI, 13 mart - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan Prezidentin saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı BMT İnkişaf Proqramının ölkəmizdə iyirmi ildən artıq bir dövrdə uğurla fəaliyyət göstərdiyini qeyd edərək, xüsusilə Azərbaycanın müstəqilliyinin ilk illərində bu Proqramın və BMT-nin digər ixtisaslaşmış təsisatlarının ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə Azərbaycanın beynəlxalq humanitar layihələrə verdiyi töhfənin əhəmiyyəti qeyd olunaraq bu sahədə Azərbaycan və BMT İnkişaf Proqramı arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev bu gün, həmçinin VII Qlobal Bakı Forumunun işində iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa qəbula görə dövlətimizin başçısına minnətdarlığını ifadə edərək Azərbaycana Novruz bayramı ərəfəsində gəlmələrindən və Azərbaycan xalqı tərəfindən onlara göstərilən qonaqpərvərlikdən dərin məmnunluq hissi keçirdiklərini bildirib. Xanım Vayra Vike-Freyberqa dövlətimizin başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi qiyməti yüksək dəyərləndirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin genişləndiyini vurğulayan Vayra Vike-Freyberqa Mərkəzin İdarə Heyətinə yeni üzvlərin daxil olduğunu və martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun işində 50 ölkədən 500-dən artıq nümayəndənin iştirak edəcəyini vurğulayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin inkişafından məmnunluğunu bildirən dövlətimizin başçısı Mərkəzin coğrafi əhatə dairəsinin genişlənməsinin, Bakı Forumunun ardınca dünyanın müxtəlif ölkələrində tədbirlər keçirməsinin önəmini qeyd etdi və bunu Nizami Mərkəzinin artan nüfuzunun göstəricisi kimi dəyərləndirib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti adından dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.