MƏDƏNİYYƏT

Misirlilər azərbaycanlı qızın ifasında "Sarı gəlin"ə valeh oldu

Azərbaycanlı ifaçı ölkəmizi Misirdə keçirilən beynəlxalq festivalda ləyaqətlə təmsil edib.
Sputnik

BAKI, 11 mart — Sputnik. Məşhur azərbaycanlı müğənni Dilarə Kazımova Beynəlxalq Asiya və Hindistan kino festivalında Azərbaycanın xalq mahnısı "Sarı gəlini" ifa edib.

Festival Misirin "Şarm-əl-Şeyx" şəhərində keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni çıxışının videoçarxını və şəkillərini Instagram-dakı səhifəsində paylaşıb.

"Azərbaycanı beynəlxalq kino festivalında təmsil etmək mənim üçün böyük şərəf oldu. İfamı Misirin ali nümayəndələri, görkəmli şəxsləri və peşəkar ifaçılar dinlədilər. Onlar üçün "Sarı gəlin" kompozisiyasını ifa etdim. İfamın hamının xoşuna gəlməsi mənim üçün ağlasığmaz dərəcədə xoş oldu" - Kazımova yazıb.

Dilarə Kazımova vaxtilə Unformal və Milk & Kisses qruplarının heyətində çıxış edib. O, 2014-cü ildə "Ukraynanın səsi", "1+1" layihələrinin iştirakçısı olub. Elə həmin il "Böyük səhnə" milli müsabiqəsində qalib gələrək Azərbaycanı "Avroviziya-2014" müsabiqəsində təmsil etmək hüququ qazanıb. Hazırda o, solo karyerasını davam etdirir.