İlham Əhmədov Sputnik Azərbaycan,
BAKI, 10 mart — Sputnik. Son vaxtlar Azərbaycandakı dəmir yollarında aparılan təmir-bərpa işləri ilə yanaşı yeni dəmiryol xətləri də çəkilir. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, yeni dəmiryol xətlərindən biri də Qəbələ hava limanı istiqamətinə çəkilir. Bakı-Böyükkəsik dəmir yolundan ayrılaraq Qəbələ istiqamətinə çəkilən yeni dəmiryol xəttində hazırda qızğın iş gedir.
Ağdaşın yanından keçməklə Qəbələ hava limanına qədər olacaq 43 km-lik dəmir yol xətti boyunca 103 su ötürücü, 16 tunel və körpü Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı ərazisində isə vağzal inşa ediləcək.
Qəbələyə yol Ləki stansiyasından dönməklə çəkilir. Əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən sağ tərəfə çıxıb Ağdaşın ərazisindən keçməklə Qəbələnin hava limanına qədər gediləcək. Hazırda ərazidə dağ yamaclarının düzləşdirilməsi işləri aparılır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirovanın sözlərinə görə, 43 km-lik birxətli dəmir yolunun çəkilişi zamanı 103 su ötürücü, 16 tunel və körpü, yolun 15-ci km-də Ağdaş rayonu Qarağan-Şıxlar kəndi ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək. Hazırda dəmiryol xəttinin 14-cü km-də 27 metrlik körpü inşa edilir.
Dəmiryol xəttinin 20 km-lik məsafəsi Qəbələ rayonunda dağlıq əraziyə düşür. Sözügedən ərazidə işlər hazırda davam etdirilir və çəkilən dəmiryol xəttinin ən güclü iş gedən ərazisi də məhz bura sayılır. Bu da, əsasən, coğrafi mövqeyin dağlıq olması ilə əlaqədardır.
Sevinc Qədirovanın dediyinə görə, Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir qədər mürəkkəbdir. Dağlıq yerlər olduğundan əlverişli hava şəraitindən istifadə edərək əsas işlər dağlıq ərazilərdə aparılır.
Dəmir yolunda tikinti işlərinin həyata keçirilməsi üçün Ağdaş ərazisində beton zavodu, daş karxanası, qum və çınqıl doğrayan qurğu quraşdırılıb. Yolun çəkilişinin keyfiyyətli və sürətli aparılması üçün 420-dən artıq işçi, 280-dən çox maşın mexanizm cəlb olunub ki, onların da böyük hissəsi Ağdaş və Qəbələ rayonlarındandır.
Layihənin bu ilin sonlarına təhvil verilməsi nəzərdə tutulub. 4 yol artıq tam hazırdır. Bundan başqa, süni qurğular və körpülərdə aparılan işlərin 60%-i artıq tamamlanıb. 43 km-lik yolun 20 km məsafəsində dəmir yolu çəkilişi üçün torpaq yatağı hazırdır və işlər davam etdirilir. 30 faiz yol işi, 45 faiz isə süni qurğu və körpülər tam tamamlanıb.
Ehtimal var ki, yeni çəkilən birtərəfli dəmiryol xətti turizm potensialı olan Qəbələ rayonu üçün səmərəli və əlverişli olacaq.