HADİSƏ

Paytaxtdakı yanğında xəsarət alanlardan son iki nəfər bu gün evə buraxılacaq

Xəsarət alanlardan 2 nəfəri xəstəxanadadır, qalanlar evlərinə buraxılıb
Sputnik

BAKI, 7 mart — Sputnik. Xəbər verdiyimiz kimi, martın 5-i saat 23:40 radələrində Nərimanov rayonunun Məmmədov küçəsində yerləşən yataqxanada qısaqapanma nəticəsində yanğın baş verib. Yanğında xəsarət alan 14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Ölkədə daha bir yanğın hadisəsi baş verib, ölənlər var

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda xəsarət alanlardan 2 nəfəri xəstəxanadadır: "Qalanlar evlərinə buraxılıb. Xəstəxanadakı iki nəfərin də səhhəti yaxşılaşıb. Bu gün həmin xəstələr evə buraxılacaq".

Xatırladaq ki, Bakının Nərimanov rayonunda beş mərtəbəli yataqxana binasında yanğın baş verib. Nərimanov Rayon İcra Hakimiyyətinin informasiya şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, hadisə rayonun Məlik Məmmədov küçəsi 4 ünvanında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus yataqxanada qeydə alınıb.

Martın 5-də gecə saat 23:40 radələrində beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində qısaqapanmadan baş verən yanğın zamanı 11 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Dünyasını dəyişən şəxslər Laçın rayonundan olan məcburi köçkünlər - 1958-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızıdır.