BAKI, 7 mart — Sputnik. Martın 3-ü gecə radələrində Ağcabədi rayon Hüsülü kəndi ərazisindən Rey Rüstəmovun kəsilmiş-deşilmiş yaralarla Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi barədə Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Məlumatla əlaqədar Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən peşəkarlıqla keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, münaqişə zəminində həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Elçin Verdiyev saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.