Ötən gün baş verən yanğında azyaşlılar da olub

"Onlardan biri 2 yaş yarımlıq, digəri isə 4 yaşında olub"
Sputnik

BAKI, 6 mart — Sputnik. "Bu gecə, 00:30 radələrində 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə Nərimanov rayonunun Məmmədov küçəsində yerləşən yataqxanada baş verən yanğın hadisə ilə əlaqədar olaraq xəstələr gətirilib. Təcili tibbi yardım briqadası ilə gətirilən bu xəstələrin sayı 14 olub". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib. 

Ölümlə nəticələnən yanğında xəsarət alanlar arasında yüksək rütbəli polis məmuru da var

Onun sözlərinə görə, gətirilən xəstələrin hamısı qadın olub: "Hazırda 14 xəstədən yalnız 5-i xəstəxanada qalıb. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Lakin sağlamlıq durumları ilə bağlı heç bir təhlükə yoxdur".

"Lazım olan müayinələr, toksiokimyəvi analizlər götürülür, mütəxəssislər mütəmadi olaraq xəstələrə baş çəkirlər. Onlar lazım olan dərmanlarla təmin edilir. Xəstələrin müalicələri davam etdirilir. Evə buraxılan xəstələrlə də əlaqə saxlayıb, mütəmadi olaraq durumlarını öyrənirik" – deyə A.Maqsudov əlavə edib.

Baş toksikoloq dünyasını dəyişənlərlə bağlı da məlumat verib: "Kəskin ağır vəziyyətdə olanlardan 2-3 nəfəri dünyasını dəyişib. Onlar da xəstəxanaya gətirilməzdən öncə dünyalarını dəyişiblər".

A.Maqsudov zəhərlənənlər arasında azyaşlıların da olduğunu vurğulayıb: "2 azyaşlı olub. Onlardan biri 2 yaş yarımlıq, digəri isə 4 yaşında olub. Onların vəziyyəti normal olub. Artıq körpələr evə buraxılıb".

Qeyd edək ki, yanğın hadisəsi ötən gün, gecə saat 23:40 radələrində Nərimanov rayonu ərazisindəki beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində qısaqapanmadan baş verib.