Mətbuat mərkəzi

Tamaşaçı uğrunda mübarizə: teatr qalib gələcəkmi?

Xalq artisti və əməkdar artistlər müasir Azərbaycan teatrlarının həyatı, yeni tendensiyalar və "tamaşaçı uğrunda mübarizə" haqqında danışacaqlar
Sputnik

1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub. Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə realnı məktəbin tələbələri tərəfindən tamaşaya qoyulan bu əsər Azərbaycan Milli Teatrının yaranmasının əsasını qoymuş olub.

Azərbaycan teatrı böyük və şərəfli yol keçib, son illərdə isə inkişaf baxımından özünün yeni mərhələsinə qədəm qoyub. İlk növbədə onun maddi-texniki bazası möhkəmlənib, repertuarı yenilənib, qastrol coğrafiyası genişlənib və s.

1 mart 2013-cü ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama uyğun olaraq hər il mart ayının 10-u Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur. Martın 4-də prezident Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat məbləğində vəsait ayrılıb.

Müasir Azərbaycan teatrlarının həyatı, yeni tendensiyalar və "tamaşaçı uğrunda mübarizə" haqqında martın 7-də saat 11.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək Dəyirmi Masada söhbət açılacaq. İştirak edəcəklər:

- "Mədəniyyət və Zaman" Maarifləndirmə İctimai Birliyinin sədri, Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Azərbaycanın əməkdar artisti İntiqam Soltan,

- Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov,

- Azərbaycanın əməkdar artisti Natiq Fərzəliyev,

teatr və kino xadimləri.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi