Məcburi köçkünlərə torpaq sahələrinin ayrılması qaydasına dəyişiklik edilib

Qərara edilən yeni dəyişiklik əsasında bu maddələrdən "və icarəyə" sözləri çıxarılıb
Sputnik

BAKI, 4 mart — Sputnik. Nazirlər Kabineti "Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması qaydası"nda dəyişiklik edib.

Nazirlər Kabineti ali təhsillə bağlı nizamnaməni təsdiqləyib

Sputnik Azərbaycan Nazirlər Kabinetinə istinadla xəbər verir ki, qaydalara edilən yeni əlavəyə görə, məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi "Torpaq icarəsi haqqında" qanunun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək. 

Bununla yanaşı, indiyədək mövcud olan qaydalara əsasən, məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə torpaq sahələrinin ayrılması üçün onlar məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinə müraciət edirdilər. Yerli icra hakimiyyətləri 10 gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsindən daxil olan sənədlərə baxır, kənd təsərrüfatı məhsulları istehsal etmək üçün məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə torpaq sahəsi ayrılması barədə (yerli şəraiti, torpaq ehtiyatının miqdarını, əhalinin sıxlığını nəzərə almaqla) müvafiq qərar qəbul edirdi.

Qərara edilən yeni dəyişiklik əsasında isə bu maddələrdən "və icarəyə" sözləri çıxarılıb.