CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xocalı harayı - Onlar ölümdən necə xilas olduqlarını xatırlayırlar

Oruc Cabbarovun komandanlığı altında yüzlərlə xocalılı düşmənin əlindən xilas edilib
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Müdhiş, dəhşətli Xocalı faciəsindən 27 il keçir. Tarixin ən qəddar soyqırımlarından biri erməni vəhşiliyinin son mirası kimi yadda qalıb.

Fevralın 25-dən 26-na keçən gecə erməni quldurları azərbaycanlı olduqları üçün uşağa, qadına, qocaya fərq qoymadan xalqımıza qarşı tarixin ən ağır soyqırımlarından birini törətdilər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı harayı - Onlar ölümdən necə xilas olduqlarını xatırlayırlar

Goranboy rayonunda məskunlaşan xocalılara baş çəkib, yenidən o günləri xatırladıq. Baş çəkdiyim qəsəbədə xocalılara çoxmərtəbəli yaşayış binalarında rahat evlər verilib. Onların buradakı şəraiti, dövlətdən gördükləri qayğı yetərincə yaxşıdır. Ancaq... Gözlərdəki kədər, ürəklərdəki nisgil o günlərin dəhşətinin nə demək olduğunu, anladır sanki.

Binanın qarşısında xocalı sakini Əliyev Elşən və onun bacısı ilə söhbətimiz zamanı məlum olur ki, onların ata-anaları Xocalı qırğınında itkin düşüblər. Əmiləri, əmisi uşaqları da daxil olmaqla onlarla yaxın qohumları Xocalıda öldürülüb. Elşən Əliyevi müharibə şikəst edib - əlləri, ayaqları yaxşı işləmir. Bacısı Şəhla Əliyevanın yardımı ilə çətinliklə hərəkət edir.

Xocalılarla o günlərdən danışırıq, olanları soruşuruq. Suren Məmmədov adlı xocalının adını təkrar soruşduğumuzda, özü aydınlıq gətirir: "Adım erməni adıdır. Ailəmizdə uşaq olur, ölürmüş. Axırda belə qərara gəlirlər ki, erməni adı qoysunlar. Bu ad qoyulandan sonra sağ qalmışam. Ermənilərdə də belə olanda uşağa Kərəm adı qoyarmışlar".

Xocalı harayı - Onlar ölümdən necə xilas olduqlarını xatırlayırlar

Xocalı sakinləri bildirilər ki, şəhərin ətrafında atəş səsləri həmişə eşidilirmiş. Şəhəri hər axşam gülləbaran edirlərmiş. Camaat üçün atəş səsi adi hala çevrilibmiş. Fevralın 25-də ilk həmlə zamanı da xocalılar yenə elə başa düşüblər ki, həmişəki kimi, atıb dayanacaqlar. Ancaq artilleriyanın şəhərə tökdüyü mərmilər, tankların şəhərə daxil olması, ermənilərin evləri oda qalaması xocalıların gözləmədikləri müdhiş bir gecənin başlanğıcı olub.

Xocalı sakini Razim Mustafayev Xocalı ilə Ağdamın bir-birindən elə də uzaq olmadığını, qaynının istədiyi vaxtı erməni mövqelərindən görünməyən yollarla gedib-gəldiyini deyir. Ancaq həmin gecə Ağdama keçə bilmədiyini, ermənilərə girov düşdüyünü bildirir. O, bir danılmaz həqiqəti yenidən təkrarlayır: Ağdam könüllüləri xocalılara yardım etməsəymiş, qurbanların sayı daha çox olarmış.

"Xocalı üçün paylaş" kampaniyası "Twitter"də rekord vurub

O zaman xocalıların harayına qaçan, onları ermənilərin əlindən xilas edən könüllü döyüşçü Oruc Cabbarov həmin gün baş verənləri belə xatırlayır: "Xocalıya kömək lazım idi. Amma komanda verən yox idi. Eşitdik ki, Xocalını ermənilər alıb, qız, gəlinlərimiz düşmənin əlindədir. Qatır Məmmədin könüllü döyüşçüləri, heç bir komanda almadan Qaraqaya yüksəkliyini ermənilərdən aldıq. Bir kilometrə qədər irəli getmişdik ki, yanımda rəhmətlik Xosrov yıxıldı. Əvvəlcə onun vurulduğunu bilmirdim. Elə bildim ki, özünü qorumaq üçün yıxılıb. Birdən meşədən bir qadın qışqırdı ki, “ermənilər yanındakını vurdular, səni də güllələyəcəklər”. O zaman camaatın meşədə olduğunu bildik. Ondan sonra xocalıları oradan çıxardıq. Ermənilər meşədəki insanları yığıb aparmaq niyyətində idilər. Döyüşdə bir neçə erməni yaraqlısını öldürdük. Döyüşdə Vitalik adlı komandirin qohumu da öldürülmüşdü. Rəhmətlik Allahverdi Bağırov onun meyitini Vitalikə verib, əvəzində xeyli xocalılının meyitini geri almışdı".

Razim dayı söhbət arasında qeyd edir ki, Qaraqaya ermənilərin əlində qalsaydı, bir adam da canını qurtara bilməyəcəkdi: “Ya öldürəcəkdilər, ya da girov aparacaqdılar. Bizim xilasımız Qaraqaya yüksəkliyinin ələ keçirilməsi oldu”.

Həmsöhbətlərimiz Qaryağdı Quliyev, Suren Məmmədov da Razim dayının dediklərinə şərik olurlar.

Elə bir xocalılı yoxdur ki, baş verən hadisələr ondan yan keçsin. Söhbətləşdiyimiz hər bir şəxsin yarası ağır və sağalmazdır. Razim dayının ailə üzvləri Xocalı dəhşətindən salamat qurtulsalar da, yaxın qohumlarından 19 nəfəri itirib. Qaryağdı Quliyevin isə üç övladı və həyat yoldaşı Xocalı dəhşətinin qurbanı olub. Üçüncü həmsöhbətimiz Suren Məmmədov da oğlu və iki qızının şəhid olduğunu deyir.

Xocalılar o günlərdə düşmən vəhşiliyinin qurbanı olmaqdansa, özümüzün artilleriyamızın qurbanı olmaq istəyirmişlər. Gülşad adlı rabitəçi Ağdama zəng edib "ermənilər Xocalıya girdi, artilleriya ilə vurun ölək, ancaq düşmənə təslim olmayaq!” deyib.

Amma döyüşçülərimiz Xocalıya atəş açmayıblar...