BAKI, 2 mart — Sputnik. Bir neçə gün öncə Hindistan və Pakistan arasında gərginliyə səbəb olan Kəşmir hücumuna görə məsuliyyəti üzərinə götürən Ceyş-I Məhəmməd təşkilatının yaradıcısı və lideri Məsud Əzharın Pakistanda olduğu təsdiqlənib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi verdiyi açıqlamada bildirib ki, Əzhar Pakistandadır və vəziyyəti "evdən çıxa bilməyəcək qədər" pisdir.
Qureyşi Əzharın niyə həbs olunmaması sualına "terror hadisəsi ilə əlaqəsi olduğuna dair sübutun olmamasını" əsas gətirib.
"Əgər Hindistanın əlində Pakistan məhkəmələrində qəbul ediləcək əsaslı dəlil varsa, bunu bizimlə paylaşın. Beləcə insanları və müstəqil Pakistan düşüncəsini inandıra bilərik" – deyə Qureyşi qeyd edib.
Qeyd edək ki, Hindistan 14 fevral tarixində Kəşmir hücumuna dair detalları əhatə edən Ceyşi-Məhəmmədin Pakistandakı düşərgələrini və bağlantılarını əks etdirən sənədi hökumət səlahiyyətlilərinə çatdırıb. Ancaq Pakistanlı nazir Hindistanın öncə hava hücumu etdiyini sonra isə sənəd göndərdiyini bildirir.
Hindistanda 14 fevralda baş verən bombalı hücumda 44 nəfər həlak olub, 20 nəfər yaralanmışdı. Dehli rəhbərliyi "terror təşkilatlarına yardım etdiyi" səbəbilə Pakistanı ittiham etmiş, Pakistan isə ittihamı rədd etmişdi.
Hindistan ikinci bir hücum haqqında kəşfiyyat xəbəri alması səbəbilə Kəşmir nəzarət xəttinin Pakistan tərəfindəki Ceyş-I Məhəmməd təşkilatına aid düşərgəyə hava hücumu etmişdi.
Onu da qeyd edək ki, Hindistan 50 ildən sonra ilk dəfə Pakistan torpaqlarına belə bir hücum edib.
Daha sonra iki ölkə arasında ciddi qarşıdurma yaranmış, hava döyüşündə hər iki ölkənin təyyarəsi vurulmuşdu.