BAKI, 2 mart — Sputnik. Beşinci dəfə prezidentliyə namizədliyini irəli sürən Əlcəzairin hazırkı prezidenti 82 yaşlı Əbdüləziz Buteflika ağır vəziyyətdə İsveçrə xəstəxanasındadır.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, həkimlər əməliyyat aparmaq istəsələr də, siyasətçinin vəziyyəti buna imkan vermir. Hazırda Buteflika xəstəxananın reanimasiya şöbəsindədir.
Qeyd edək ki, hazırda Əlcəzairdə vəziyyət gərgindir. Əbdüləziz Buteflikanın 5-ci dəfə prezidentliyə namizəd olmasına etiraz edən insanlar küçələrə axışırlar.
Xatırladaq ki, o, 1956-cı ildən Əlcəzair Milli Azadlıq Cəbhəsinin fəal iştirakçısı olub. Müstəqil Əlcəzairin ilk hökumətində turizm və idman naziri, xarici işlər naziri, Əlcəzair prezidenti H. Bumedyenin ardıcıl tərəfdarı, BMT Baş Assambleyası sessiyasının sədri olub. 1994-cü ildə vətəndaş müharibəsinin qızğın vaxtında hərbi dairələrin seçkilərə getmədən dövlətə başçılıq etmək təklifini rədd edib. İlk dəfə 1999-cu ilin aprel ayında Əlcəzair prezidenti seçilib. Əlcəzairdə vətəndaş müharibəsinin faktiki dayandırılmasına nail olub. 2004-cü ilin aprelində yenidən prezident seçilib. 2009-cu ilin sentyabrında keçirilən prezident seçkilərində seçicilərin 90,2%-inin səsini toplayaraq növbəti 5 il müddətinə Əlcəzairin prezidenti olub. 2014-cü ilin fevralında yenidən namizədliyini irəli sürüb və aprel ayında keçirilən seçkilər də ilk turda 81,5% səs toplayaraq dördüncü dəfə prezident seçilib.