Cəlilabadda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb

Zəhərlənənlərdən 3-nün vəziyyəti ağır olub
Sputnik

BAKI, 1 mart — Sputnik. Ötən gün Cəlilabadda “Green Store” mağazasında kütləvi zəhərlənmə hadisəsi baş verib. Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, ötən gün saat 17:00 radələrində 15 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Saunada kütləvi zəhərlənmə olub

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərdən 3-nün vəziyyəti orta-ağır olub. Digərləri ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Həmin 3 nəfərin sonuncusu isə bu səhər artıq evə yazılıb.

"İlkin ehtimala görə, zəhərlənməyə səbəb təmizlik zamanı istifadə edilən kimyəvi maddə olub. Qeyd edək ki müraciət edənlərin hamısı hadisə baş verən marketin əməkdaşlarıdır” - deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Baş vermiş kütləvi zəhərlənmə ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda da araşdırmalara başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub. Hadisə ilə bağlı izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının video görüntüləri götürülüb.

Qeyd edək ki, baş vermiş kütləvi zəhərlənmə hadisəsi nəticəsində mağazanın 15 əməkdaşı zəhərlənib.