BAKI, 28 fevral — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəyan edib ki, Çin və Rusiya Şimali Koreya probleminin həll olunmasına yardım edir. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
"Çin Şimali Koreyanın ən böyük donorudur. Şimali Koreyaya göndərilən yardımın 93%-ə qədəri Çindən gəlir. Rusiya da bu məsələdə yardım edir", - deyə Tramp Şimali Koreya probleminin nizamlanmasında Çinin rolu barədə sualı cavablandırarkən bildirib.
ABŞ prezidenti Rusiyadan da danışıb: "Rusiyanın Şimali Koreya ilə ümumi sərhədi var. Düzdür bu elə də böyük ərazi deyil, cəmi 28 mil (45 km-red). Lakin orada da çox şey baş verə bilər. Rusiya nizamlanma prosesində yardım edir".
Qeyd edək ki, daha əvvəl Ağ Evin rəsmi mətbuat katibi Sara Sanders bəyan edib ki, Tramp və Şimali Koreya lideri Kim Çen In danışıqların yekunlarına dair razılığa gələ bilməyib. Lakin nümayəndə heyətləri arasında təmaslar gələcəkdə də davam edəcək. Onun sözlərinə görə, liderlərin görüşü "yaxşı və məhsuldar olub"
27-28 fevral tarixində Vyetnamın paytaxtı Xanoyda keçirilən ABŞ – Şimali Koreya sammiti birgə sənədin imzalanmaması ilə başa çatıb.