BAKI, 27 fevral — Sputnik. "Fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı soyqırımı qurbanları abidəsinə ümumxalq yürüşü keçirilib. Bu, xalqla hakimiyyətin birliyinin, xalqın öz rəhbərinə dəstəyinin nümayişi idi".
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib. "Əlli beş mindən çox insanın iştirak etdiyi, ön sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları yürüş zamanı "Xocalıya ədalət!", "Xocalını unutmayın!", "Rədd olsun erməni faşizmi!" və digər çoxsaylı şüarlar nümayiş etdirilib" - deyə məlumatda bildirilib.
"Bu yürüş xalqla hakimiyyətin birliyini, vəhdətini və xalqın öz rəhbərinə verdiyi böyük dəstəyi bir daha göstərdi. Yürüşdə iştirak edən böyük insan kütləsi Xocalı soyqırımının heç zaman unudulmayacağını və bu qanlı cinayəti törədənlərin Azərbaycan Prezidentinin apardığı siyasət, gördüyü işlər nəticəsində cəzasız qalmayacaqlarına xalqımızın inamını nümayiş etdirdi" - BŞİH-dən əlavə olunub.