BAKI, 27 fevral — Sputnik. "Meşə sahələrinin bəzi hissəsinin çəpərlənməsi meşələrin yanğından mühafizəsinə və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınmasına hesablanıb. Bununla, həm yeni əkilmiş tinglərin qorunmasına, həm meşələrdə təbii meşəbərpa işlərinin getməsinə şərait yaranacaq, eyni zamanda yanğından mühafizə üçün qabaqlayıcı tədbir görüləcək".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Sadiq Salmanov meşələrin bəzi hissələrində çəpərlənmə aparılacağı ilə bağlı məlumatı şərh edərkən belə deyib.
Nazirlik rəsmisi qeyd edib ki, dünyanın hər yerində meşə yanğınlarının əsas səbəbi insan faktoru ilə bağlıdır və ötən il Yunanıstanda, Kaliforniyada baş verən güclü yanğınlar və fəlakətlər buna bir sübutdur. Təssüf ki, Azərbaycanda da ötən il insanların ehtiyatsızlığı nəticəsində meşə yanğınları baş verdi. Buna görə meşələrin giriş-çıxış çox olan sahələrində çəpərlərlənmə işləri aparılır.
"Bir daha bildirirəm ki, meşələrdə çəpərlənmə yalnız zəruri olan sahələrdə aparılacaq və söhbət əsasən təbii çəpərlənmədən və yalnız az bir hissədə məftil sədlərdən istifadədən gedir. Bu da xüsusilə yeni əkilmiş ərazilərin qorunmasına, yanğından mühafizəyə, təbii bərpanın sürətləndirilməsinə xidmət edir"-deyə o qeyd edib.
S.Salmanov bildirib ki, ümumiyyətlə bu təcrübədən dünyanın hər yerində istifadə edilir və normal hal sayılır. Milli Meşə Proqramı hazırlanarkən BMT-nin Ərzaq Təhlükəsizliyi və Kənd təsərrüfatı Təşkilatının (FAO) verdiyi tövsiyələrdə də bunlar nəzərdə tutulub.